Dünyanın ən böyük aysberqi hesab olunan A23a artıq mövcud deyil.


 


Sfera.az bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidmətinin məlumatına istinadən xəbər verir. Mətbuat xidməti bildirib ki, nəhəng buz kütləsi Cənubi okean sularında hərəkət edərkən tamamilə parçalanaraq kiçik fraqmentlərə bölünüb. İnstitutun alimləri tərəfindən son 40 il ərzində izlənilən A23a aysberqi mövcudluğu dövründə ilkin sahəsinin 99%-ni itirib və artıq bütöv aysberq kimi mövcud deyil.


 


Məlumata görə, A23a 1986-cı ildə Filchner-Ronne buz şelfi ərazisindən qopub. İlkin mərhələdə onun sahəsi 4170 kvadrat kilometr olub ki, bu da böyük şəhərlərlə müqayisədə olduqca nəhəng ərazi deməkdir. Aysberq 30 ildən çox Weddell dənizi sularında qaldıqdan sonra hərəkətə keçərək Antarktida sahilləri boyunca sürüşüb və 2023-cü ilin noyabrında açıq okeana çıxıb. 2025-ci ilin əvvəlində aysberq Cənubi Corciya adası yaxınlığına çatıb və burada bir müddət hərəkətsiz qalıb. Sonrakı aylarda isə parçalanma prosesi sürətlənib. Həmin ilin avqustunda aysberqdən üç iri fraqment ayrılıb və nəticədə o, “dünyanın ən böyük aysberqi” statusunu itirib. AARI-nin mütəxəssisi Polina Soloşçukun sözlərinə görə, 2025-ci ilin əvvəlində aysberqin sahəsi təxminən 1300 kvadrat kilometr olduğu halda, hazırda bu göstərici 50 kvadrat kilometrdən də aşağı düşüb.


 


Son aylarda isə A23a açıq sularda sürüşərək tam parçalanıb və Cənubi Atlantik istiqamətində hərəkət edərək təxminən 1000 kilometr məsafə qət edib. Alimlər bildirir ki, bu cür nəhəng aysberqlərin parçalanması okean ekosistemlərinə və iqlim proseslərinə təsirsiz ötüşmür.


 


Firuzə Əliyeva


Sfera.az