Azərbaycan artıq bir neçə aydır ki, Ermənistanda dizel və avtomobil benzini ixrac edir. Bu gün Ermənistana daha 974 ton dizel yanacağı yola salınıb.
Azərbaycandan yanacaq ixracının artması ölkəmizdə bu məhsulun təklifinin azalması ehtimalını yaradır. Maraqlıdır ki, ölkəmizdən yanacaq ixracın artması daxildə təklifin azalmasına görə qiymətlərdə dəyişikliyə səbəb ola bilərmi?
Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Elman Sadıqov bildirdi ki, Azərbaycanın Ermınistana yanacaq ixracı mühüm məsələdir və bu iki ölkə arasında münasibətlərin normallaşmasının göstəricilərindən biridir:
“Bu kontekstdə Ermənistana avtomobil yanacağının göndərilməsi də mühüm addımlardan biridir. Xüsusilə nəzərə alsaq ki, hazırda Hörmüz boğazı ətrafında gərgin vəziyyət hökm sürür, dünyada enerji qiymətləri artır və Avropada dizel yanacağının qiyməti 30-40 faiz yüksəlib. Bu fonda atılan addımlar həm iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir, həm də regionda sülhün alternativsiz olduğunu göstərir. Qafqazda əməkdaşlıq mühitinin formalaşması və rifahın təmin olunması bütün ölkələrin maraqlarına uyğundur. Bu baxımdan, qeyd olunan addım həm siyasi, həm də iqtisadi əhəmiyyət daşıyır, təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə bütün Qafqaz regionu üçün faydalıdır".
İqtisadçı avtomobil yanacağının ixracının artması fonunda Azərbaycanda təklifdə ciddi azalmanın və bunun nəticəsində qiymətlərdə dəyişikliklərin olacağına inanmır:
“Ümumilikdə, bəzi strateji məhsullar var ki, ölkələr bu məhsullardan gəlir əldə etməkdən daha çox, onların daxili bazarda mövcudluğunu təmin etməyə üstünlük verirlər. Məsələn, hər hansı ölkə görsə ki, strateji məhsul üzrə daxildə çatışmazlıq yaranır və ya qiymət artımı riski mövcuddur, həmin məhsulun ixracını məhdudlaşdırır. Bu yanaşmanı biz müxtəlif ölkələrin təcrübəsində, o cümlədən Rusiyanın taxıl siyasətində də görmüşük. Eyni hal digər strateji məhsullar üçün də keçərlidir. Çünki ixracdan əldə olunan gəlir, məsələn 1000 dollar, daxildə qiymət artımı və inflyasiya səbəbindən daha böyük, məsələn 2000 dollar itkiyə səbəb ola bilər. Bu baxımdan avtomobil yanacağı xüsusi əhəmiyyət daşıyır. Çünki bu növ yanacaqlar yalnız şəxsi minik avtomobillərində deyil, həm də kənd təsərrüfatı texnikalarında istifadə olunur. Eyni zamanda, logistika və daşımalar sektorunda da yanacağa tələb böyükdür.
Buna görə də ixracla əlaqədar Azərbaycanda yanacaq təminatında çatışmazlığın yaranması və bunun nəticəsində qiymətlərdə dəyişikliyin olması real deyil. Burada əsas məsələ ixracın balanslı şəkildə idarə olunmasıdır”.
Bəsti Rəfizadə
Sfera.az