Oskar mükafatı laureatı olan məşhur aktrisa Enn Heteuey “People” jurnalı tərəfindən “Dünyanın Ən Gözəl Qadını” seçilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, jurnalın üz qabığında ulduzun şəkli dərc edilib.
Jurnalın təqdimatında vurğulanıb ki, bu titul yalnız aktrisanın zahiri görünüşünə görə deyil, eyni zamanda onun illər boyu qazandığı peşəkar uğurlar və şəxsi inkişaf yolu nəzərə alınaraq verilib. Hollivudun ən sevilən simalarından biri olan Heteuey bu seçimlə yenidən diqqət mərkəzinə düşüb.
Aktrisa jurnala müsahibəsində kosmetik cərrahiyyə ilə bağlı iddiaları təkzib edib və gözəllik anlayışına fərqli yanaşmasını bölüşüb.
O bildirib:
“Gözəllik həqiqəti ehtiva etdiyi müddətcə çirkinliyi də əhatə edə bilər. Mənim üçün gözəllik həmişə bu xətt üzərindədir”.
2026-cı ilin Enn Heteuey üçün kifayət qədər gərgin keçəcəyi gözlənilir. Aktrisa ümumilikdə beş fərqli layihədə rol almağa hazırlaşır. Onların arasında xüsusilə uzun müddətdir gözlənilən “The Devil Wears Prada Part 2” filmi diqqət çəkir.
Fidan Hacızadə
Sfera.az