Texnobloqqer Fərid Pərdəşünas bildirib ki, abituriyentlərin qəbul imtahanlarına hazırlıq prosesini asanlaşdıracaq yeni süni intellekt əsaslı platforma təqdim olunub.
Onun sözlərinə görə, "icrammer.com" adlı platforma abituriyentlər üçün müxtəlif fənlər üzrə onlayn hazırlıq imkanı yaradır.
Texnobloqqerin sözlərinə görə, süni intellekt texnologiyası üzərində qurulan bu layihə abituriyentlərə virtual müəllim xidməti təklif edir:
“Şagirdlər mövzunu və çətinlik səviyyəsini seçərək süni intellekti birbaşa müəllim kimi istifadə edə bilirlər. Platformada 200 mindən çox tapşırıq bazası mövcuddur. Seçilmiş səviyyəyə uyğun olaraq testlər dərhal generasiya edilir. Abituriyentlər səhv etdikləri və ya çətinlik çəkdikləri sualların izahını birbaşa "AI müəllim"dən soruşa bilirlər. Cavablar saniyələr içində yoxlanılır və nəticələr təqdim olunur”.
Bu sistemi nəzərə alaraq, müəllimlərin fəaliyyətində hansı dəyişikliklər baş verə bilər? Süni intellekt əsaslı müəllimlərlə ənənəvi müəllim hazırlığı arasında fərqlər özünü necə göstərəcək?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi süni zəka əsaslı platformaların, istər repetitor xidməti, istər imtahan hazırlığı və digər sahələr üzrə yaradılmasının artıq dövrün tələbi oldiğunu bildirib.
Ekspertin sözlərinə görə, bu proses bizdən asılı olmayaraq inkişaf edir və etməyə də davam edəcək:
“Hazırda şagirdlərin, ümumiyyətlə imtahan verəcək yaşda olan şəxslərin gündəlik istifadə vərdişlərinə baxdıqda görürük ki, onlar əsasən texnoloji alətlərdən yararlanırlar və bu da müasir dövrün reallığıdır. Belə olan halda, onların daha çox maraq göstərdiyi istiqamətdə bilik və bacarıq qazanmalarına dəstək vermək, bu marağı təhsilə yönəltmək ən doğru və məntiqli yanaşmadır”.
E.Əfəndi ənənəvi müəllimlə üz-üzə dərslərlə süni zəka əsaslı öyrənmə arasında müəyyən fərqlərin olduğunu vurğulayıb:
“Məsələn, insan müəllim qarşısındakı şəxsin jest və mimikalarını daha yaxşı analiz edərək onun davranışını və ya səmimiyyətini qiymətləndirə bilir. Süni zəka isə bu cür emosional və intuitiv dəyərləndirmə imkanlarına malik deyil. Bununla belə, özünü inkişaf etdirmə, bilik və bacarıqları artırma baxımından süni zəka əsaslı platformalardan istifadə həm abituriyentlər, həm də ümumilikdə şagirdlər üçün əhəmiyyətli fayda verə bilər”.
Fidan Hacızadə
Sfera.az