Azərbaycan Respublikası Ali Məhkəməsi xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı ilə bağlı mühüm qərar qəbul edib. Qərara görə, bu hüquqdan yalnız bir dəfə istifadə etmək mümkündür.
Bu barədə Sfera.az-a Ali Məhkəmədən məlumat verilib.
Belə ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailəsi ilə birlikdə 2012-ci ildə dövlət tərəfindən verilmiş mənzildə yaşayır. Mənzil həyat yoldaşının adına verilsə də, sahə hesablanarkən ailənin bütün üzvləri, o cümlədən iddiaçı da nəzərə alınıb. Daha sonra iddiaçı mənzilin sahəsinin az olduğunu əsas gətirərək yenidən mənzil tələb edib və hətta növbəyə də yazılıb. Lakin icra hakimiyyəti əvvəl artıq mənzil verildiyini bildirərək bu tələbi rədd edib.
Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının xeyrinə qərar versə də, məsələ Ali Məhkəməyə çıxarılıb. Ali Məhkəmə isə fərqli mövqe tutaraq bildirib ki, dövlətin xüsusi statuslu şəxsləri mənzillə təmin etməsi vacib sosial öhdəlikdir, amma bu hüquq limitsiz deyil. Qanuna görə, belə şəxslər bu imkandan yalnız bir dəfə yararlana bilər. Məhkəmə vurğulayıb ki, əgər şəxs və ya onun ailəsi artıq bu əsasla mənzil alıbsa, bu, həmin şəxsin də təmin olunmuş sayılması deməkdir. Eyni səbəbdən yenidən mənzil tələb etmək qanunun məqsədinə uyğun deyil.
Qərarda həmçinin qeyd olunub ki, təkrar mənzil verilməsi digər ehtiyacı olan şəxslərin hüquqlarını məhdudlaşdıra bilər. Çünki dövlətin resursları məhduddur və sosial ədalət prinsipi qorunmalıdır. Nəticədə Ali Məhkəmə icra hakimiyyətinin şikayətini təmin edib və əvvəlki məhkəmə qərarlarını ləğv edib.
Firuzə Əliyeva
Sfera.az