Hollandiya Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD)nin 2025-ci il üzrə qiymətləndirməsinə əsasən, Ukraynadakı hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiyanin bir il ərzində NATO ilə “regional münaqişə” səviyyəsində qarşıdurma üçün kifayət qədər hərbi potensial toplaya biləcəyi bildirilir.


 


Sənəddə qeyd olunur ki, bu ehtimal “ən əlverişli şəraitdə” daha real görünə bilər, lakin Ukraynadakı müharibə davam etdiyi müddətdə Rusiya ilə NATO arasında birbaşa toqquşma demək olar ki, istisna edilir.


 


Maraqlıdır, NATO ilə Rusiya arasında “regional münaqişə” ehtimalı nə dərəcədə realdır və belə bir ssenari baş verərsə, bu qarşıdurma daha çox hansı coğrafi bölgələrdə baş verə bilər?


 


Mövzu ilə bağlı politoloq Rizvan Hüseynov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, tarix göstərir ki, Çar Rusiyası dönəmində və yaxud Sovet dönəmində Rusiya SSRİ müharibə aparanada Avropanın bəlli coğrafi nöqtələrinə qədər savaşıb və nəzarət altına alıb:


 


 



 


“Bura Şərqi Avropa, Balkanlar və Müasir Almaniyanın tam orta hissəsi daxildir. Bu istiqamətə qədər əsasən son 250 illik savaşlar göstərir ki, Rusiya özü bu istiqamətlərə gəlib, savaşıb alırdı, ya da ki, burada mövcud olan xırda dövlətlərin vasitəsilə nəzarət edirdi. Hətta, sovet dönəmində “Varşava” paktına əsasən Polşanı, Macarıstanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Bolqarıstanı, Rumıniyanı tabe etmişdi”.


 


Politoloq qeyd edib ki, indi də müharibənin əsas meydançası Şərqi Avropa ola bilər:


 


“Ukrayna da Şərqi Avropanın bir parçasıdır. Faktiki olaraq Şərqi Avropada müharibə gedir. 2014-də Krımın işğalından başlayan bu müharibə davam edir. Avropanın, əsasən də, Böyük Britaniya və Fransanın marağı o idi ki, Rusiya Şərqi Avropaya nəzarət edə bilməsin. Qara dənizdə və Baltikada güclü hərbi-dəniz donanmaları olmağına icazə vermək istəmirdi. Rusiya isə, tam əksinə olaraq, elə bunun olmasını istəyirdi. İstər Çar Rusiyası, istər SSRİ dönəmində buna nail olmuşdu. SSRİ dağıldıqdan sonra isə geri çəkildi.


 


Putin hakimiyyəti bu strategiyanı yenidən işləmək istəyir. Almaniya, Böyük Britaniya və Fransanın əsas marağı odur ki, Ukrayna müharibəsi davam etsin. Bununla da, Rusiya NATO-ya qarşı olan bu planı icra edə bilməyəcək. Nə qədər ki, Rusiya-Ukrayna müharibəsi davam edir, bu plan baş tutmayacaq. Ukrayna sipər rolunu oynayır. Əgər Ukrayna müharibəsi dayansa və Rusiyada hakimiyyət dəyişiklikliyi olsa, hər şey bundan asılı olacaq. Rusiyanın tərkibində bəzi güc strukturları sözügedən bu planı hazırlayır. Planın reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək”.


 


Niyaz Hacıyev


Sfera.az