Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistanda seçki proseslərinə xarici müdaxilə, kiberhücumlar və qanunsuz siyasi maliyyələşmə kimi hibrid təhdidlərə qarşı mübarizə məqsədilə yeni mülki missiyanın yaradılmasını təsdiqləyiblər.
Missiya yaxın aylarda fəaliyyətə başlayacaq. Onun mandatı iki il müddətinə nəzərdə tutulub, rəsmi adı isə Avropa İttifaqının Ermənistan Respublikasındakı Tərəfdaşlıq Missiyasıdır (EUPM Armenia).
Ermənistan ötən ilin dekabrında bu missiyanın göndərilməsi üçün Aİ-yə müraciət etmişdi. Brüssel və İrəvan arasında aparılan müzakirələrdən sonra qərar yekdilliklə təsdiqlənib. Ermənistanda seçkilər yaxınlaşdıqca bölgədə siyasi gərginlik artır və beynəlxalq güclərin maraqları daha açıq şəkildə toqquşur.
Belə bir məqamda Avropa İttifaqının İrəvana yeni mülki missiya göndərmək qərarı suallar doğurur: bu addım doğrudan da seçkilərin təhlükəsizliyini təmin etmək üçündür, yoxsa regionda təsir uğrunda mübarizənin yeni mərhələsidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi vəziyyət qarışır. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın qalib gəlməsində maraqlı olan xarici aktorlar kimi onun uduzmasını istəyənlər də var. Bu, birbaşa olaraq xarici oyunçaların Cənubi Qafqaz və Ermənistan üzərindəki maraqları ilə bağlıdır:
“Sözsüz ki, seçkilər yaxınlaşdıqca Ermənistanda daxili siyasi vəziyyət daha da gərginləşəcək. Xarici oyunçular arasında rəqabət özünü müxtəlif formalarda göstərə bilər. Görünür, Avropa da perspektivi nəzərə alır. Fikrimcə, Avropa Paşinyanın qalib gəlməsində maraqlıdır. Ona görə digər oyunçuların, xüsusilə Rusiyanım müdaxiləsinin qarşısını almaq, ölkəni mümkün vətəndaş müharibəsinə bənzər ssenaridən sığortalamağa çalışır. Fikrimcə, bunlar missiyanın iki əsas məqsədidir”.
Müsahibimiz Ermənistanda daxili və xarici qarşıdurmanın yeni mərhələsinin başlama ehtimalından danışıb:
“Missiyanın fəaliyyətinin bir neçə il davam etməsi məsələsinə gəldikdə isə, yəqin ki, bu, seçkilərdən sonra Avropanın Cənubi Qafqaza dair planları ilə bağlıdır. Bununla belə, tamamilə mümkündür ki, Aİ missiyası adı ilə seçkilərə müdaxilə etmək niyyətindədir. Çox güman, Rusiya bunu belə qiymətləndirəcək və mümkün reaksiyalar bu məzmunda olacaq. Yaxın gələcəkdə Aİ-nin sözügedən qərarı ilə bağlı olaraq Ermənistandakı daxili və xarici qarşıdurmanın yeni mərhələyə qədəm qoyması mümkündür. Hər halda Moskva bu məsələyə səssiz qalmaz”,– K.Novruzov qeyd edib.
Firuzə Əliyeva
Sfera.az