Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı son statistik göstəricilər açıqlanıb.
Sfera.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, bu sahədə fəaliyyət 2022-ci il noyabrın 1-dən etibarən Nazirlik tərəfindən həyata keçirilir.
Qurumdan verilən məlumata görə, sözügedən dövr ərzində Nazirliyin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində davamlı tədbirlər görülüb.
Belə ki, 2022-ci ilin noyabrın 1-dən bu günədək 2432 uşağın müəssisələrə yerləşdirilməsi ilə bağlı ümumilikdə 1727 müraciət daxil olub. Sosial dəstək mexanizmlərinin tətbiqi nəticəsində 909 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb. Bununla yanaşı, yalnız son zərurət və uyğunluq prinsipi əsas götürülərək 924 valideyn himayəsindən məhrum olmuş uşaq sosial xidmət müəssisələrinə və sığınacaqlara yerləşdirilib.
Nazirlik qeyd edib ki, uşaqların dövlət himayəsinə götürülməsinə səbəb olan əsas amillər arasında valideynlərin zərərli vərdişlərə aludə olması, uşağa qayğı göstərməkdən imtina etməsi və ya bunu təmin etmək imkanının olmaması, valideynin cəzaçəkmə müəssisəsində olması, tüfeyli həyat tərzi sürməsi və digər hallar yer alır.
Məlumatda həmçinin vurğulanıb ki, əsas məqsəd uşaqların ailə mühitində böyüməsini təmin etmək, onların müəssisələrə yerləşdirilməsinin qarşısını almaq və mümkün hallarda ailələrinə və ya himayədar ailələrə qaytarılmasını təmin etməkdir.
Bəsti Rəfizadə
Sfera.az