ABŞ senatorları Cinni Şahin və Tom Tillis texnologiya nəhəngləri “Meta” və “Alphabet”ə müraciət edərək Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya mənşəli dezinformasiyaya qarşı daha ciddi tədbirlər görülməsini tələb ediblər.


 


Sfera.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Senatının Xarici Əlaqələr Komitəsi yayıb. Senatorlar məktublarında bildiriblər ki, müstəqil ekspertlərin fikrincə, Rusiya Ermənistandakı seçkilərə təsir göstərmək üçün “Moldova ssenarisi”ndən istifadə etməyə çalışır və bu məqsədlə xüsusilə “Meta”nın platformalarından yararlanır. Qeyd olunub ki, qarşıdan gələn seçkilər regionda sülh təşəbbüslərinin və nəqliyyat infrastruktur layihələrinin, o cümlədən TRIPP layihəsinin gələcəyinə birbaşa təsir göstərə bilər.


 


ABŞ qanunvericiləri vurğulayıblar ki, heç bir xarici dövlət Ermənistanın suveren qərarlarına müdaxilə etməməlidir. Senatorlar bildiriblər ki, ABŞ Ermənistanda demokratik proseslərdə neytral mövqe saxlamalı olsa da, xarici güclərin ölkənin daxili işlərinə təsir cəhdlərinə göz yuma bilməz. Onların sözlərinə görə, bu cəhdlər Amerika platformaları üzərindən həyata keçirilirsə, buna qarşı adekvat tədbirlər görülməlidir. Məktubda “Meta” şirkətinə Ermənistanda azad və ədalətli seçkilərin keçirilməsinə töhfə vermək çağırışı edilib. Eyni zamanda, “Alphabet”dən də seçkilər ərəfəsində Rusiya dezinformasiyasına qarşı kifayət qədər addımlar atması istənilib.


 


Firuzə Əliyeva


Sfera.az