1000-dən çox sənətçi və mədəniyyət işçisi 2026-cı ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı boykot çağırışı edib. 




Sfera.az xəbər verir ki, onlar İsrailin yarışmada iştirak edəcəyi təqdirdə tədbirin boykot olunmasını tələb edirlər.




“Soyqırıma musiqi yoxdur” kampaniyası çərçivəsində yayımlanan açıq məktubda Avropa Yayım Birliyi (EBU) sərt tənqid olunub və sənəd qısa müddətdə beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. Məktub müəllifləri xatırladıblar ki, EBU daha əvvəl Ukraynaya qarşı hərbi əməliyyatlara görə Rusiyanı müsabiqədən kənarlaşdırmışdı və İsrailə qarşı eyni yanaşmanın tətbiq edilməməsinin “neytrallıq prinsipini sarsıtdığını” bildiriblər.




Sənətçilər hesab edirlər ki, incəsənət və mədəni tədbirlər qlobal siyasi proseslərdən təcrid olunmuş şəkildə qiymətləndirilə bilməz. Onların fikrincə, “Avroviziya” müəyyən siyasətləri “normallaşdırmaq” üçün vasitəyə çevrilməməlidir.




Açıq məktubda Qəzzada davam edən humanitar böhran da diqqət çəkilib və belə bir şəraitdə beynəlxalq mədəni tədbirlərin “səssiz qala bilməyəcəyi” vurğulanıb.

Boykot çağırışına keçmiş “Avroviziya” qalibləri Emmelie de Forest və Charlie McGettigan, həmçinin Roger Waters, Macklemore, Peter Gabriel və Massive Attack kimi tanınmış sənətçilər də dəstək veriblər.




Sənətçilər kollektiv bəyanatda “Səssiz qalmaqdan imtina edirik və bu prosesdə ortaq olmağı qəbul etmirik” ifadələrinə yer verərək digər mədəniyyət nümayəndələrini də bu mövqeni dəstəkləməyə çağırıblar.


 


Mənsumə

Sfera.az