“Barselona”nın keçmiş müdafiəçisi Rafael Markes Dünya Kubokundan sonra Meksika milli futbol komandasının baş məşqçisi vəzifəsinə gətiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə “Mundo Deportivo”ya istinadən Meksika Futbol Federasiyasının milli komandalar üzrə direktoru Duilio Davino məlumat verib. Məlumata görə, Meksika millisinin hazırkı baş məşqçisi Xavyer Agirre müqaviləsinin müddəti başa çatdıqdan sonra postunu tərk edəcək. Rafael Markes isə 2024-cü ildən etibarən Agirrenin köməkçilərindən biri kimi çalışır. Davino Markesin təyinatı ilə bağlı bildirib: “Onun müqaviləsi imzalanıb”. Qeyd edək ki, 47 yaşlı Rafael Markes 2003–2010-cu illərdə “Barselona” klubunun formasını geyinib və bu müddətdə dörd İspaniya çempionluğu, bir Kral Kuboku, üç İspaniya Super Kuboku və iki UEFA Çempionlar Liqası titulu qazanıb.
O, karyerası ərzində həmçinin Meksikanın “Atlas”, “Leon”, İtaliyanın “Hellas Verona”, Fransanın “Monako” və ABŞ-nin “Nyu-York Red Bulls” klublarında çıxış edib. Markes Meksika millisinin heyətində 1999-cu ildə Konfederasiyalar Kubokunu qazanıb, “Copa America” turnirlərində gümüş və iki bürünc medal əldə edib, həmçinin 2003 və 2011-ci illərdə KONKAKAF Qızıl Kubokunun qalibi olub.
Niyaz Hacıyev
Sfera.az