İranda İsrail kəşfiyyatı (Mossad) ilə əməkdaşlıqda ittiham olunan şəxs barəsində çıxarılan ölüm hökmü icra edilib.




Sfera.az bildirir ki, bu barədə məlumatı İran Məhkəmə Sisteminə bağlı "Mizan" Xəbər Agentliyi yayıb.




Məlumata görə, Mehdi Farid adlı şəxs “Mossad” ilə genişmiqyaslı əməkdaşlıq etməkdə və ölkənin məxfi məlumatlarını ötürməkdə təqsirli bilinib. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Farid ölkənin strateji əhəmiyyətli qurumlarından birində mülki müdafiə komitəsinin rəhbəri vəzifəsini tutub.




Agentlik qeyd edib ki, Mehdi Farid barəsində verilən edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən baxılaraq qüvvədə saxlanılıb. Qərarın qətiləşməsindən dərhal sonra, çərşənbə günü edam prosesi həyata keçirilib.




Bu edam qərarı İran və İsrail arasında gərginliyin ən pik həddə çatdığı bir dövrə təsadüf edir. Rəsmi Tehran son illərdə "Mossad şəbəkəsi" ilə əlaqəli olduğu iddia edilən şəxslərə qarşı əməliyyatları kəskin şəkildə artırıb.




Xatırladaq ki, cəmi bir gün əvvəl “Mossad”la əlaqədə və yanvar ayındakı etirazlar zamanı Tehranda bir məscidi yandırmaqda ittiham olunan Əmirəli Mircəfəri də edam edilmişdi.




Bəsti Rəfizadə

Sfera.az