2026-cı ilin ilk aylarında Azərbaycanda vaksin idxalı ilə bağlı açıqlanan statistika diqqət çəkir. Belə ki, insanlar üçün nəzərdə tutulan vaksinlərin idxalı kəskin artsa da, baytarlıq vaksinləri üzrə azalma müşahidə olunur.


 


Bu ziddiyyətli tendensiya həm səhiyyə, həm də kənd təsərrüfatı sahəsində müəyyən suallar yaradır.


 


Maraqlıdır, insanlar üçün vaksin idxalının artması hansı epidemioloji və ya profilaktik amillərlə bağlı ola bilər? Eyni zamanda, baytarlıq vaksinlərinin azalması zoonoz xəstəliklər baxımından risk yarada bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən infeksionist Aytən Ziyadova bildirib ki, insanlar üçün vaksin idxalının artması bir neçə epidemioloji və profilaktik amillərlə bağlı ola bilər. Onun sözlərinə görə, ilk növbədə, yeni epidemiyaların qarşısının alınması məqsədilə vaksinasiya səviyyəsi artırıla bilər:


 



 


“COVID-19 pandemiyası bütün dünyada, o cümlədən Azərbaycanda vaksinasiya tədbirlərini gücləndirib və bu, yalnız COVID-19 deyil, digər yoluxucu xəstəliklərə qarşı da vaksinasiya səviyyəsini artırmağa səbəb olub. Həmçinin, insanların immunitet sisteminin qorunması da vaksinasiya ilə əlaqəlidir və əhali arasında vaksinlərə olan tələbin artması vaksin idxalını artırır. Bununla yanaşı, yüksələn infeksiya təhlükələri də vaksinasiyanın vacibliyini artırır. Məsələn, son dövrlərdə bəzi yeni viruslar və bakteriyalar geniş yayılmağa başlayıb və profilaktik tədbir olaraq vaksinasiyanın artırılması mütləqdir”.


 


İnkefsionist qeyd edib ki, baytarlıq vaksinlərinin azalması zoonoz xəstəliklər baxımından ciddi təhlükə yaradır:


 


“Zoonoz xəstəliklər, yəni heyvanlardan insana keçə bilən xəstəliklər, həm səhiyyə, həm də iqtisadiyyat üçün böyük bir risk təşkil edir. Baytarlıq sahəsində istifadə edilən vaksinlər, əslində insan sağlamlığını qorumaqda mühüm rol oynayır. Baytarlıq vaksinləri ilə profilaktika edilən xəstəliklər, məsələn brusellyoz, tuberkulyoz, çiçək və s. insanlar arasında daha geniş yayılmadan qarşısını alır. Bu vaksinlərin sayının azalması isə zoonoz xəstəliklərin yayılma riskini artırır. Həmçinin, baytarlıq vaksinlərinin azalması, heyvanlarda infeksiyaların artmasına və nəticədə insanların sağlamlığını təhdid etməsinə səbəb ola bilər. Bu, həm də kənd təsərrüfatında məhsul itkisinə və iqtisadiyyatın zərər görməsinə yol açar”.


 


A.Ziyadova sonda vurğulayıb ki, bu tendensiya Azərbaycanda ictimai sağlamlığa ciddi təsir göstərə bilər:


 


“İnsanlar üçün vaksinlərin artması əhalinin daha sağlam olmasına və yeni epidemiyaların qarşısının alınmasına kömək edəcək, lakin baytarlıq vaksinlərinin azalması zoonoz xəstəliklərin artması və kənd təsərrüfatı sahəsində çətinliklərə səbəb ola bilər. Bu məsələlər həm səhiyyə, həm də kənd təsərrüfatı üçün daha geniş müzakirələrə və tədbirlərə ehtiyac olduğunu göstərir”.


 


Firuzə Əliyeva


Sfera.az