Depressiya qadınlarda kişilərlə müqayisədə təxminən 1.5-2 dəfə daha çox rast gəlinən bir pozuntudur və bu uzun illərdir araşdırılır.
Psixiatrların fikrincə, səbəb tək bir amil deyil, bioloji, psixoloji və sosial faktorların birgə təsiridir.
Sfera.az xəbər verir ki, həkimlərin qeyd etdiyinə görə, qadın orqanizmində hormonal dəyişikliklər mühüm rol oynayır. Menstrual dövr, hamiləlik, doğuşdan sonrakı dövr və menopauza zamanı estrogen və progesteron səviyyəsinin dəyişməsi beyində əhval-ruhiyyəni tənzimləyən sistemlərə təsir edir.
Psixoloqlar bildirirlər ki, qadınlar stressi daha çox daxilə yönəltməyə meyllidirlər. Problemləri içində saxlamaq, özünü günahlandırma və yüksək özünütənqid depressiv düşüncələrin dərinləşməsinə səbəb ola bilər. Klinik praktikada bu hal tez-tez müşahidə olunur. Sosioloqlar isə sosial rolların ağırlığını önə çəkirlər. Qadınlar çox vaxt həm iş, həm ailə, həm də ev məsuliyyətlərini eyni anda daşıyırlar. Bu isə uzunmüddətli psixoloji yüklənmə yaradır. Bundan əlavə, zorakılıq və sosial təzyiqlərə məruz qalma riski də qadınlarda depressiya ehtimalını artıran mühüm faktorlardandır.
Ekspertlər həmçinin qeyd edirlər ki, qadınlarda depressiya daha açıq simptomlarla — kədər, ağlama, yorğunluq və emosional həssaslıqla özünü göstərdiyi üçün daha tez aşkar olunur. Kişilərdə isə bu vəziyyət bəzən aqressiya və davranış dəyişiklikləri ilə maskalana bilir bu da statistik fərqin bir hissəsini izah edir. Ümumilikdə, mütəxəssislər hesab edirlər ki, qadınlarda depressiyanın daha çox görünməsi hormonal həssaslıq, psixoloji xüsusiyyətlər və sosial yükün birgə təsirinin nəticəsidir.
Mənsumə
Sfera.az