Son dövrlərdə maraqlı bir tendensiya müzakirə olunur. Bildirilir ki, 1985-1995-ci illər arasında doğulan şəxslər, yəni Y nəsli Z nəslindən daha gənc görünür. 




Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu fərqin təsadüfi olmadığını və həyat tərzi ilə bağlı bir sıra amillərlə əlaqəli olduğunu vurğulayırlar.




Araşdırmalara görə, xüsusilə sosial medianın intensiv istifadəsi Z nəslində həm psixoloji, həm də fiziki baxımdan daha tez “yorğun görünüş” formalaşdırır. Daimi müqayisə, filtrli gözəllik standartları və onlayn təzyiq stress səviyyəsini artırır ki, bu da dolayısı ilə qocalma əlamətlərinin daha tez üzə çıxmasına səbəb ola bilər.




Digər tərəfdən, Y nəsli daha erkən yaşlardan etibarən sağlam həyat tərzinə yönəlməyə başlayıblar. Qeyd edilib ki, bu nəsil arasında dəriyə qulluq, günəşdən qoruyucu vasitələrin istifadəsi (SPF), balanslı qidalanma və ümumi sağlamlıq vərdişləri daha geniş yayılıb. Bu isə onların görünüşündə özünü müsbət şəkildə göstərir. Rəqəmsal həyat tərzi də əsas faktorlardan biri hesab olunur. Z nəsli günün böyük hissəsini ekran qarşısında keçirir ki, bu da yuxu rejiminin pozulmasına, dəri problemlərinə və ümumi yorğun ifadəyə səbəb ola bilər.




Bununla yanaşı, estetik prosedurların gənc yaşlarda geniş yayılması da müzakirə mövzusudur. Ekspertlər bildirirlər ki, erkən yaşda botoks və dolğu kimi müdaxilələr bəzi hallarda əks effekt verərək insanı olduğundan daha yaşlı göstərə bilər.




Fidan Hacızadə

Sfera.az