İran ABŞ Prezidenti Donald Trampın atəşkəsi birtərəfli qaydada uzatmaq qərarına münasibət bildirib.




Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi ölkəsinin maraqları təmin olunacağı təqdirdə hərəkətə keçəcəklərini vurğulayıb.




İran mətbuatına danışan İ. Bəqayi rəsmi Tehranın regiondakı prosesləri diqqətlə izlədiyini bildirib:




"İran Silahlı Qüvvələri istənilən təhdid və hücumun qarşısını almağa tam hazırdır. Diplomatiya milli təhlükəsizliyi qorumaq üçün sadəcə bir vasitədir. İran xalqının qazandıqlarını qorumaq və maraqlarımızı təmin etmək üçün məntiqli zəmin yarandığını gördüyümüz an müvafiq addımları atacağıq".




XİN rəsmisi sonda əlavə edib ki, İran "təcavüzkar və müharibə cinayətkarlarından" hesab sorulması, habelə dəymiş ziyanın ödənilməsi üçün bütün beynəlxalq imkanlardan sonunadək istifadə edəcək.




Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Tehran rəsmi saziş təklifi təqdim edənə qədər atəşkəsin müddətsiz uzadıldığını bəyan edib. Tramp həmçinin qeyd edib ki, ABŞ-nin blokadası nəticəsində bağlanan boğazın açılması üçün İran tərəfi 4 gün əvvəl müraciət etsə də, Vaşinqton bu təklifi rədd edib.




Bəsti Rəfizadə

Sfera.az