2026-cı ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayında 4,7%-lik azalma müşahidə olunur.
Belə ki, bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 172 ölkəsindən 484,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Maraqlıdır, bu azalmanın əsas səbəbləri nələrdir? Ümumilikdə turist sayındakı azalmanın ölkə iqtisadiyyatına, xüsusilə xidmət sektoruna təsiri nə dərəcədə ciddi ola bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycana gələn turistlərin sayında azalacağı gözlənilən idi. Onun sözlərinə görə, regionda olan geosiyasi gərginlik turistlərin sayına birbaşa təsir göstərir:
“İran müharibəsi Azərbaycana gələn turistlərin sayına təsir göstərdi. Nəzərə alsaq ki, Azərbaycan İranla qonşuluqda yerləşən ölkədir, eyni zamanda İrandan da Azərbaycana gələn turistlərin sayına da bu birbaşa təsir göstərir. Ümumiyyətlə, region ölkələrinə gələn turistlərin sayına İran müharibəsinin birbaşa təsirləri oldu. Bu baxımdan, biz turistlərin sayında azalmalar müşahidə etdik. Eyni zamanda, bir sıra ölkələrdən gələn turistlərin sayında da əvvəlki dövrlərdə də azalmalar var idi. Xüsusən Hindistandan gələn turistlərin sayında azalmalar müşahidə olunur. Burada, yalnız iqtisadi deyil, digər səbəblər də var”.
Millət vəkili qeyd edib ki, hər halda nəzərə alsaq ki, turizm Azərbaycanda neftdən sonra ən çox gəlir gətirən sahədir, ona görə də ölkəyə gələn turistlərin sayının optimal olması və artması vacib məqamlardandır.
Amma gözlənilir ki, İran müharibəsi və ya İran ətrafındakı gərginlik davam edərsə, bu bütövlükdə növbəti dövrlərdə də turistlərin sayına təsir göstərə bilər.
Firuzə Əliyeva
Sfera.az