Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşdə regionda təhlükəsizliyin gücləndirilməsi üçün NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bəs görəsən, NATO-nun Cənubi Qafqazda aktivliyinin artması Azərbaycan və digər region ölkələri üçün hansı nəticələr doğura bilər?
Politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın NATO-ya və Avropa İttifaqına inteqrasiya etməsini istəyir. Onun sözlərinə görə, Ermənistan bunu özünün əsas hədəfi hesab edib:
“Ermənistan Respublikası Ukrayna, Moldova kimi dövlətləri kimi Qərbə inteqrasiyanı, Qərbin hərbi, siyasi, iqtisadi insitutlarına inteqrasiyanı özünün hədəfi müəyyən edib. Eyni zamanda NATO-da Cənubi Qafqazda bu və ya digər şəkildə öz məqsədlərini həyata keçirməkdə maraqlıdır. Burada əsas məsələlərdən biri, Ermənistan və Azərbaycan arasında yeni mərhələnin başlanması ilə əlaqədardır. Əgər sülh müqaviləsi imzalanarsa, eyni zamanda Ermənistan və Türkiyə sərhədləri açılarsa, bu, doğurdan da, NATO-nun yolunu bir qədər artıracaq. Eyni zamanda Ermənistanın da manevr imkanlarını daha da genişləndirəcək”.
Politoloq qeyd edib ki, Paşinyan seçkiqabağı müxtəlif kombinasiyalardan istifadə edir:
“O, Qərbə lazımlığını göstərir. Həftədə bir neçə dəfə Paşinyan komandası Avropada müxtəlif institutların təmsilçiləri və müxtəlif dövlətlərin nümayəndələri ilə görüşlər keçirir. Seçkilərdən sonra isə Ermənistanın artıq hansı istiqamətə gedəcəyi ilə bağlı daha aydın mənzərəni görəcəyik”.
Niyaz Hacıyev
Sfera.az