Oskar mükafatlı məşhur aktrisa Enn Heteuey yeni filminin tanıtımı çərçivəsində verdiyi müsahibə zamanı işlətdiyi bir sözlə sosial mediada geniş müzakirələrə səbəb olub.


 


Sfera.az xəbər verir ki, Heteuey “People” jurnalına açıqlamasında uzun və sağlam ömür arzuladığını bildirərkən “İnşallah” ifadəsini işlədib. Onun bu anı qısa zamanda sosial şəbəkələrdə viral olub və izləyicilər arasında müxtəlif reaksiyalar doğurub. Aktrisanın “İnşallah, ümid edirəm” ifadəsi sosial mediada geniş yayılaraq trend mövzusuna çevrilib.


 


Bəzi istifadəçilər bu ifadəni mədəni yaxınlıq kimi qiymətləndirərkən, digərləri onun dini mənsubiyyəti ilə bağlı fərziyyələr irəli sürüblər. Hadisədən sonra Enn Heteueyin İslamı qəbul etməsi ilə bağlı suallar gündəmə gəlsə də bu iddiaları təsdiqləyən hər hansı rəsmi məlumat yoxdur. Məlumata görə, aktrisa özünü heç bir dinə aid etmədiyini, daha çox “ruhani, lakin dini deyil” yanaşmasını qəbul etdiyini bildirib.


 


Heteuey əvvəllər katolik tərbiyə aldığını, müəyyən dövrlərdə isə fərqli dini-mədəni mühitlərlə təmasda olduğunu qeyd edib. Aktrisanın sadə bir ifadəsi belə qısa zamanda böyük rezonans doğuraraq sosial şəbəkələrdə minlərlə şərhə səbəb olub. İstifadəçilər bu anı həm mədəni təsir, həm də məşhurların sözlərinin necə tez interpretasiya olunduğunun nümunəsi kimi qiymətləndiriblər.


 


Mənsumə


Sfera.az