Donald Trampın sözlərinə görə, ABŞ və İran arasında son dövrlərdə aparılan danışıqların nəticədə “böyük bir razılaşma” ilə yekunlaşacağı gözlənilir.
Uzun müddətdir gərgin münasibətlər fonunda davam edən bu proses beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənilir və mümkün razılaşmanın regionda sabitliyə təsiri müzakirə olunur.
Maraqlıdır, ABŞ və İran arasında mümkün “böyük razılaşma” konkret olaraq hansı sahələri əhatə edə bilər və bu razılaşma tərəflər üçün hansı perspektivlər vəd edir?
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən “böyük razılaşma” ifadəsi real siyasi məntiqdə çoxşaxəli paket anlaşmanı nəzərdə tutur. Onun sözlərinə görə, bu tip razılaşmanın mərkəzində ilk növbədə İranın nüvə proqramının məhdudlaşdırılması dayanır:
“Uranın zənginləşdirilməsi səviyyəsinin aşağı salınması, nüvə obyektlərinə beynəlxalq nəzarətin gücləndirilməsi və potensial hərbi komponentlərin tam dayandırılması. Paralel olaraq ballistik raket proqramı və İranın regiondakı silahlı qruplara dəstəyi kimi təhlükəsizlik məsələləri də bu paketin tərkib hissəsi ola bilər. Əvəzində ABŞ tərəfindən iqtisadi sanksiyaların mərhələli şəkildə yumşaldılması, İranın qlobal enerji bazarına tam qayıdışı və maliyyə sisteminə inteqrasiyası kimi addımlar gündəmə gələ bilər. Bu, faktiki olaraq təhlükəsizlik–iqtisadiyyat mübadiləsi modelidir”.
Politoloq qeyd edib ki, belə bir razılaşma hər iki tərəf üçün fərqli strateji dividendlər vəd edir:
“ABŞ üçün əsas qazanc İranın nüvə silahına yaxınlaşmasının qarşısını almaq, Yaxın Şərqdə gərginliyi azaltmaq və enerji bazarlarında sabitliyi təmin etməkdir. İran üçün isə bu, uzun illər davam edən iqtisadi təcriddən çıxış, neft ixracının artması və daxili iqtisadiyyatın canlanması deməkdir. Bununla belə, əsas risk razılaşmanın davamlılığı ilə bağlıdır: tərəflər arasında dərin etimadsızlıq və regional rəqabət bu cür “böyük anlaşmanı” kağız üzərində mümkün etsə də, onun praktik icrasını həmişə sual altında saxlayır”.
Niyaz Hacıyev
Sfera.az