Uçuş zamanı spirtli içki qəbul etməyin orqanizmə təsiri ilə bağlı aparılan yeni araşdırma böyük maraq doğurub. Mütəxəssislər bildirirlər ki, yüksək hündürlük və alkoqol bir araya gəldikdə qandakı oksigen səviyyəsini azalda, ürək döyüntüsünü sürətləndirə və yuxu keyfiyyətini kəskin pisləşdirə bilər.




Sfera.az xəbər verir ki, Şotlandiyadakı Qlazqo Universitetinin mütəxəssisi Dr. Kolin Çörç qeyd edir ki, təyyarə yüksəldikcə kabindəki oksigenin miqdarı azalır və bu, birbaşa qanda oksigen səviyyəsinin aşağı düşməsinə səbəb olur. Alkoqol isə bu mənfi təsiri daha da gücləndirir.




Almaniyanın Köln şəhərində aparılan araşdırma çərçivəsində 18–40 yaş arası 48 sağlam iştirakçı iki fərqli şəraitdə müşahidə edilib: normal təzyiq altında və təyyarə kabinini simulyasiya edən hündürlük kamerasında. İştirakçılar həm ayıq halda, həm də spirtli içki qəbul etdikdən sonra yuxuya gediblər.




Tədqiqatın nəticələrinə görə, oksigen səviyyəsi hər iki şəraitdə azalsa da, spirtli içki qəbul edildikdə bu eniş daha kəskin xarakter alıb. Eyni zamanda ürək döyüntülərinin sayı artıb və hündürlük şəraitində bu göstəricilər daha yüksək qeydə alınıb.




Yuxu keyfiyyəti də bu prosesdən mənfi təsirə məruz qalıb. Müşahidələr göstərib ki, dərin yuxu (REM) mərhələsi azalıb, gecə ərzində oyanmalar isə daha tez-tez baş verib. Mütəxəssislərin sözlərinə görə, alkoqol xorultunu gücləndirir və yuxu apnesi (nəfəsin qısa müddətli kəsilməsi) olan şəxslərdə vəziyyətin ağırlaşma riskini artırır.

Həkimlər xüsusilə ürək və ağciyər xəstəliyi olan şəxslərə uçuş zamanı spirtli içkidən tamamilə uzaq durmağı tövsiyə edirlər. Sağlam insanlarda təsirlər daha yüngül olsa da, yuxu keyfiyyətinin pisləşməsi və ümumi yorğunluq qaçılmaz ola bilər.




Uçuş zamanı rahatlaşmaq üçün isə spirtli içki yerinə səyahət yastığı, göz maskası, qulaq tıxacları və sakitləşdirici musiqi kimi alternativ və sağlam üsullardan istifadə etmək tövsiyə olunur.




Mənsumə

Sfera.az