İranla yaşanan gərginlikdən sonra ABŞ-nin əsas raket inventarında ciddi azalma olduğu iddia edilir. Hesabatlara görə, istehsal sürətinin aşağı olması Pentaqonu çətin vəziyyətə salıb.
Sfera.az xəbər verir ki, CNN-in kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumatda ABŞ Müdafiə Nazirliyinin yüksək dəqiqlikli sursat ehtiyatlarında kəskin itkilər yaşadığı bildirilib.
Analitiklər hesab edir ki, bu vəziyyət mümkün qlobal münaqişə ssenarilərində ABŞ-nin hərbi potensialını ciddi şəkildə zəiflədə bilər.
Məlumata görə, İranla qarşıdurma fonunda ABŞ ordusu strateji raket sistemlərindən həddindən artıq intensiv istifadə edib. Adı açıqlanmayan mənbələr qeyd edir ki, mövcud istehlak sürəti bu şəkildə davam edərsə, Vaşinqton bir neçə ildən sonra Çin kimi böyük güclərlə qarşıdurmaya eyni hazırlıq səviyyəsində girə bilməyəcək.
Pentaqonun ilin əvvəlində istehsalı artırmaq üçün yeni müqavilələr imzaladığı bildirilsə də, çatdırılma müddətinin 3 ildən 5 ilə qədər çəkməsi qısa müddətli kəsirin bağlanmasını qeyri-mümkün edir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlillərinə əsasən, son 7 həftə ərzində bəzi sistemlərdə kritik azalma müşahidə olunub:
Yüksək dəqiqlikli raketlərdə ümumi azalma 45%-dir.
THAAD müdafiə sistemində inventarın yarısına yaxını istifadə olunub.
"Patriot" sistemlərinin təxminən 50%-i, “Tomahawk” raketlərinin 30%-i, JASSM raketlərinin 20%-dən çoxu, SM-3 və SM-6 sistemləri üzrə raketlərin 20%-i istifadə edilib.
İddialarla bağlı çıxış edən Şon Farnell ABŞ ordusunun milli maraqları qorumaq üçün hələ də güclü sursat potensialına malik olduğunu və planlamanın mütəmadi aparıldığını qeyd edib.
Lakin hərbi ekspertlər hesab edirlər ki, yaranmış mənzərə ABŞ-nin həm cari əməliyyatlarını davam etdirmək, həm də böyük müharibələrə hazırlaşmaq qabiliyyəti arasında ciddi disbalans yaradıb. Bu isə yaxın gələcəkdə Vaşinqtonun hərbi strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.
Bəsti Rəfizadə
Sfera.az