Əfsanəvi döyüş ustası Brüs Linin oğlu Brendon Linin 1993-cü ildə ölümü dünya mediasında böyük əks-səda doğurmuşdu.
Sfera.az xəbər verir ki, həmin dövrün qəzetlərində yayılan məlumatlar həm faciənin təfərrüatları, həm də irəli sürülən müxtəlif versiyalarla diqqət çəkirdi.
ABŞ mediasında yayılan ilk xəbərlərdə bildirilirdi ki, Brendon Li “The Crow” (Qarğa) filminin çəkilişləri zamanı baş verən qəza nəticəsində həyatını itirib. Ssenariyə görə, aktyorun güllələndiyi səhnə çəkilirdi və istifadə olunan silahın “boş patron”la işləməli olduğu bildirilirdi. Lakin çəkiliş zamanı açılan atəş aktyorun ölümünə səbəb oldu.
İlkin tibbi rəylərə əsaslanan qəzet yazılarında qeyd edilirdi ki, aktyorun aldığı yara real güllə yarasına bənzəyir. Bu isə mediada ciddi suallar yaratmışdı:
Boş patron necə ölümcül təsir göstərə bilərdi?
Hadisədən sonrakı günlərdə mətbuatda fərqli ehtimallar irəli sürülürdü. Bəzi məlumatlara görə, silahın içində əvvəlki çəkilişdən qalmış metal fraqment (parça) olub və atəş zamanı bu hissə güllə kimi hərəkət edib. Digər xəbərlərdə isə çəkiliş meydançasında baş verən əvvəlki xırda qəzalar əsas gətirilərək, filmin “lənətli” olması barədə iddialar gündəmə gətirilirdi.
Aparılan rəsmi araşdırmalar nəticəsində hadisənin texniki səhlənkarlıq ucbatından baş verdiyi açıqlandı. Bildirildi ki, silah düzgün yoxlanılmayıb və içəridə qalan detal faciəyə səbəb olub. Bununla belə, hadisə ilə bağlı heç bir cinayət işi açılmadı.
Qəzetlərdə diqqət çəkən digər bir məqam isə Brendon Linin ölümünün atası Brüs Linin illər əvvəl baş vermiş qəfil ölümü ilə müqayisə edilməsi idi. Bu səbəbdən mediada “Li ailəsinin faciəsi” kimi başlıqlar geniş yayılmışdı və müxtəlif ehtimallar uzun müddət müzakirə mövzusu olmuşdu. Bu hadisə Hollivud tarixində ən faciəvi çəkiliş qəzalarından biri kimi yaddaşlara həkk olunub.
Fidan Hacızadə
Sfera.az