Ukrayna rəsmilərinin ABŞ Prezidenti Donald Trampı öz mövqelərinə yaxınlaşdırmaq üçün qeyri-adi bir təklif irəli sürdüyü iddia olunur.
Sfera.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, rəsmi Kiyev Donbas bölgəsinin bir hissəsinin “Donniland” adlandırılması ideyasını müzakirəyə çıxarıb.
Məlumata əsasən, Böyük Londondan bir neçə dəfə böyük olması nəzərdə tutulan bu anklav ABŞ liderinə siyasi bir “uğur” kimi təqdim edilməli idi. Ukraynalı danışıq aparanların fikrincə, Trampın adının ərazi ilə əlaqələndirilməsi onun Moskvanın geniş ərazi tələblərinə qarşı daha sərt mövqe tutmasına təsir göstərə bilərdi.
Qeyd olunur ki, bu təşəbbüs rəsmi sənədlərə daxil edilməsə də, danışıqlar prosesində bir neçə dəfə gündəmə gətirilib. Hətta iddialara görə, ukraynalı nümayəndələrdən biri “Donniland” üçün süni intellekt vasitəsilə milli himn və yaşıl-qızılı rənglərdə bayraq konsepsiyası da hazırlayıb.
Alternativ olaraq, danışıqlarda “Monako modeli” də müzakirə olunub. Bu yanaşmaya əsasən, müharibədən sonra bölgənin qismən özünüidarə edən, iqtisadi baxımdan xüsusi statusa malik əraziə çevrilməsi təklif edilib.
Məqalədə bildirilir ki, Vladimir Putin Donbasın, xüsusilə kömür və mineral ehtiyatlarla zəngin olan Donetsk və Luqansk bölgələrinin tam şəkildə Rusiyaya verilməsini tələb edir. Ukrayna Prezidenti Volodimir Zelenski isə bunu “qırmızı xətt” adlandıraraq qəti şəkildə rədd edir.
Hazırda Rusiya qüvvələri Luqansk vilayətinin demək olar ki, hamısına, Donetskin isə böyük hissəsinə nəzarət edir. Ukrayna tərəfi iddia edir ki, Moskvanın qalan əraziləri ələ keçirməsi üçün hələ illər və çox böyük hərbi resurslar tələb oluna bilər.
Eyni zamanda, Vaşinqtonun daha əvvəl Ukraynaya müəyyən ərazilərdən geri çəkilərək həmin zonada “azad iqtisadi zona” yaratmağı təklif etdiyi də qeyd olunur. Bununla belə, belə bir ərazinin gələcək idarəçiliyinin necə olacağı hələ də qeyri-müəyyən qalır.
ABŞ, Rusiya və Ukrayna arasındakı danışıqların isə hazırda dalana dirəndiyi bildirilir. Buna səbəb kimi tərəflərin kəskin mövqeləri ilə yanaşı, Vaşinqtonun paralel olaraq Yaxın Şərqdə artan hərbi-siyasi gərginliklə məşğul olması göstərilir.
Fidan Hacızadə
Sfera.az