ABŞ NATO ölkələrinin fəaliyyətini qiymətləndirən və sadiqlik dərəcəsinə görə sıralanan xüsusi "qara siyahı" tərtib edib.
Sfera.az bildirir ki, bu barədə məlumatı "Politico" nəşri yayıb.
Məlumata görə, NATO-nun Baş katibi Mark Ruttenin 8-12 aprel tarixlərində Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində hazırlanan sənəddə üzv dövlətlərin alyansa verdiyi töhfələr dərəcələr üzrə qruplaşdırılıb. Sənədin əsas qayəsini isə İranla mümkün hərbi münaqişədə ABŞ-nin yanında yer almayan ölkələrin müəyyən edilməsi təşkil edir.
Üç avropalı diplomat və Pentaqon rəsmisi təsdiq edib ki, Ağ Ev artıq "yaxşı" və "pis" müttəfiqlərin siyahısını masasına qoyub.
Müdafiə naziri Pit Heqset hələ ötən ilin dekabrında bu cür təşəbbüsün anonsunu vermişdi.
O, açıq şəkildə bildirib:
"Mükəmməllik nümayiş etdirən nümunəvi müttəfiqlər xüsusi münasibət görəcək, kollektiv müdafiədə öz payını yerinə yetirməyənlər isə mütləq nəticələrlə üzləşəcəklər”.
ABŞ administrasiyası planın detallarını gizli saxlasa da, diplomatik mənbələr potensial "cəza" mexanizmlərini açıqlayıblar. Donald Trampın ABŞ-nin NATO-dakı roluna yenidən baxmaq vədindən sonra Vaşinqtonun aşağıdakı addımları atacağı gözlənilir:
NATO-nun maliyyələşdirilməsində ABŞ-nin payının azaldılması;
Avropadakı Amerika qoşunlarının sayının azaldılması və ya "pis" müttəfiqin ərazisindən "yaxşı" müttəfiqin ərazisinə köçürülməsi;
Siyahıda aşağı yer tutan ölkələrə müasir silah satışının dayandırılması;
Birgə hərbi təlimlərin məhdudlaşdırılması.
Ekspertlər hesab edir ki, bu addım NATO daxilində ciddi parçalanmaya səbəb ola bilər. Vaşinqtonun "ya bizimləsən, ya da bizə qarşısan" siyasəti Avropa paytaxtlarında böyük narahatlıqla qarşılanıb.
Bəsti Rəfizadə
Sfera.az