Sinədə təzyiq, ürəkdöyünmə və nəfəs darlığı həm panik atak, həm də ürək tutması zamanı müşahidə oluna bilər. Bu oxşarlıq isə insanların vəziyyəti düzgün qiymətləndirməsini çətinləşdirir və bəzən yanlış qərarlara səbəb olur.


 


Sfera.az xəbər verir ki, kardiologiya üzrə mütəxəssis prof. dr. Abdi Sağcanın sözlərinə görə, panik ataklar əsasən stress və narahatlıq fonunda başlayır. Bu zaman ürək döyüntüləri sürətlənir, nəfəs alma tezləşir və insanda güclü qorxu, hətta “ölürəm” hissi yaranır. Ürək tutmasında isə sinədə daha kəskin və sıxıcı ağrı olur nəfəs alma çətinləşir və insan ümumi vəziyyətinin sürətlə pisləşdiyini hiss edir. Bu ağrı adətən sabit xarakter daşıyır və asanlıqla keçmir. Mütəxəssis bildirir ki, ağrının davametmə müddəti və yayılması bu iki halı fərqləndirməkdə mühüm rol oynayır.


 


Ürək tutması zamanı ağrı 5-10 dəqiqədən artıq davam edə və sol qola, çənəyə, eləcə də kürəyə yayıla bilər. Eyni zamanda bəzi əlamətlər xüsusi diqqət tələb edir. Sinədə uzun sürən sıxıcı və ya yanıcı ağrı, bu ağrının sol qola, çənəyə və ya bel nahiyəsinə yayılması, soyuq tərləmə və ürəkbulanma, həmçinin güclü nəfəs darlığı və ya nəfəs ala bilməmə hissi ciddi xəbərdarlıq siqnalları sayılır.


 


Belə hallarda dərhal tibbi yardım almaq vacibdir. Həkimlər vurğulayır ki, bu tip simptomlar ilk dəfə yaranarsa, 40 yaşdan sonra ortaya çıxarsa və ya şəxsdə ürək xəstəliyi ilə bağlı risk faktorları mövcuddursa mütləq tibbi müayinə aparılmalıdır. Mütəxəssislərin fikrincə, panik ataklar çox zaman ürək tutmasını təqlid etsə də ürək tutması birbaşa həyati təhlükə yaradır. Bu səbəbdən oxşar əlamətlər heç vaxt diqqətdən kənarda qalmamalı və ciddi qəbul edilməlidir.


 


Mənsumə


Sfera.az