İngiltərə Premyer Liqasının növbəti turunda “Mançester Siti” səfərdə “Börnli”ni 1:0 hesabı ilə məğlub edərək turnir cədvəlində birinci pilləyə yüksəlib.
Sfera.az xəbər verir ki, görüşdə yeganə qolu 5-ci dəqiqədə Erlinq Haaland vurub. Bu nəticə sayəsində Pep Qvardiolanın komandası xalını 70-ə çatdırıb. “Mançester Siti” xalların sayına görə “Arsenal”la bərabərləşsə də, səfərdə vurulan qolların sayına görə rəqibini qabaqlayaraq liderliyə yüksəlib.
Hər iki komandanın aktivində top fərqi eynidir (+37) və mövsümün sonuna qədər beş oyun qalıb. “Börnli” isə bu məğlubiyyətdən sonra Premyer Liqada qalmaq şansını rəsmən itirib. Komandanın 20 xalı var və turnir cədvəlində 19-cu pillədə qərarlaşıb. Qeyd edək ki, “Vulverhempton Uonderers” də yüksək liqada qalmaq şansını itirən komandalar sırasındadır. Növbəti turda “Mançester Siti” mayın 4-də səfərdə “Everton”un qonağı olacaq. “Börnli” isə mayın 1-də “Lids”lə üz-üzə gələcək.
Niyaz Hacıyev
Sfera.az