Dünyada sağlam həyat tərzinə marağın artması fitness klublarına tələbi yüksəltsə də, bu xidmətlərin qiyməti şəhərdən-şəhərə ciddi şəkildə fərqlənir.
Sfera.az xəbər verir ki, fitness klub üzvlüyünün dəyəri əsasən şəhərin iqtisadi səviyyəsi, icarə xərcləri və ümumi yaşayış standartlarından asılıdır. Məlumata görə, dünyada fitness klublarına aylıq üzvlük haqqı orta hesabla 40-65 ABŞ dolları (təxminən 68-110 manat) arasında dəyişir. Bu isə illik 480-780 dollar, yəni təxminən 816-1326 manat deməkdir. Araşdırmaya əsasən, ən ucuz fitness üzvlüyü əsasən inkişaf etməkdə olan ölkələrin şəhərlərində qeydə alınır.
Hindistanın Dehli və Mumbay, Pakistanın Kəraçi və Lahor, Misirin paytaxtı Qahirə, eləcə də Türkiyənin Ankara və Konya kimi şəhərlərində sadə fitness zallarına aylıq üzvlük haqqı 10–20 dollar (təxminən 17-34 manat) civarındadır. Bu da illik 120-240 dollar, yəni təxminən 204-408 manat təşkil edir. Mütəxəssislər ucuz qiymətləri əsasən aşağı icarə xərcləri, əmək haqqı səviyyəsinin nisbətən aşağı olması və premium xidmətlərə tələbatın azlığı ilə izah edirlər. Bundan əlavə, bu şəhərlərdə kiçik və yerli fitness zallarının çoxluğu da qiymətlərin aşağı olmasına təsir göstərir.
Müqayisə üçün qeyd edək ki, ABŞ-nin Nyu-York şəhərində fitness klub üzvlüyü aylıq 140 dolları (təxminən 238 manat) keçə bilər. Bu isə illik 1680 dollar, yəni təxminən 2856 manat deməkdir. Beləliklə, araşdırma göstərir ki, fitness xərcləri təkcə seçilən zaldan deyil, həm də yaşanılan şəhərin iqtisadi xüsusiyyətlərindən birbaşa asılıdır.
Niyaz Hacıyev
Sfera.az