Azərbaycanda minimum əməkhaqqının dolanışığa yetib-yetməməsi məsələsi son illər ən çox müzakirə olunan sosial-iqtisadi mövzulardan biridir.


 


Rəsmi rəqəmlərlə real bazar qiymətləri arasındakı fərq bu sualı daha da aktuallaşdırır: bir insan minimum əməkhaqqı ilə Bakıda və ya digər şəhərlərdə normal yaşaya bilirmi?


 


Sfera.az bu barədə araşdırmasını təqdim edir:


 


Əvvəlcə qeyd edək ki, Azərbaycdan minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. 


 


Rəsmi yanaşmaya görə, minimum əməkhaqqı və yaşayış minimumu istehlak səbətinə əsaslanır. Bu səbətə ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər daxildir. Dövlət Statistika Komitəsi inflyasiya və qiymət dəyişikliklərini izləsə də, ekspertlər bildirir ki, real bazar qiymətləri ilə bu “standart səbət” arasında fərq getdikcə artır.


 


Xüsusilə son illərdə ərzaq məhsullarında və xidmət sektorunda qiymət artımları bu fərqi daha da kəskinləşdirib. Bakı şəhərində tək yaşayan bir insanın minimal aylıq xərclərinə baxdıqda vəziyyət daha aydın görünür. Ərzaq xərcləri ən sadə və qənaətli qidalanma ilə belə orta hesabla 250-350 manat arasında dəyişir. Normal qidalanma, yəni ət məhsulları, süd məhsulları, meyvə və digər əsas qidaların daxil olduğu bir səbət isə 350-450 manat civarına qalxır. Bu isə artıq minimum səviyyənin üzərində əlavə yük deməkdir.


 


Mənzil xərcləri isə ən böyük problem kimi önə çıxır. Bakıda kirayə bazarının qiymətləri son illərdə ciddi artım göstərib. Bir otaqlı mənzildə yaşamaq istənildikdə rəqəm 400-600 manata qədər yüksələ bilir. Bu isə minimum əməkhaqqının böyük hissəsini təkcə mənzil xərcləri ilə “udmuş” olur. Kommunal xərclər – elektrik, qaz, su və internet aylıq təxminən 60-120 manat aralığında dəyişir.


 


Nəqliyyat xərcləri isə gündəlik istifadə və kart sisteminə görə 40-80 manat təşkil edir. Bundan əlavə, geyim, dərman, şəxsi gigiyena və digər gözlənilməz xərclər üçün ən azı 50-100 manat əlavə büdcə tələb olunur. Bütün bu göstəricilər bir araya gətirildikdə Bakı şəhərində tək yaşayan bir insan üçün minimal aylıq yaşayış xərci təxminən 650-800 manat, daha real və normal həyat səviyyəsi isə 900-1200 manat aralığında formalaşır.


 


Bu rəqəmlər göstərir ki, minimum əməkhaqqı ilə tək yaşayan insan yalnız çox ciddi qənaət rejimində dolana bilər və hər hansı əlavə xərc – xəstəlik, texniki problem və ya sosial ehtiyaclar dərhal maliyyə çətinliyi yaradır. Mütəxəssislərin fikrincə, bu uyğunsuzluğun əsas səbəblərindən biri istehlak səbətinin real bazar qiymətlərini tam əks etdirməməsidir.



 


Sonda məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlara əsasən, Bakıda 2025-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1381 manat olub.


 


Firuzə Əliyeva


Sfera.az