Son zamanlar hamiləlik dövründə ağrıkəsici dərmanların istifadəsi ilə autizm arasında əlaqənin olduğuna dair iddialar ana namizədləri arasında ciddi narahatlıq yaradır. Xüsusilə sosial mediada yayılan və heç bir elmi əsası olmayan bəzi şərhlər bu həssas dövrdə insanların fikirlərini qarışdırır.




Sfera.az xəbər verir ki, mütəxəssislər doğru məlumata güvənməyin və müalicə qərarlarını mütləq həkimlə birlikdə verməyin vacibliyini vurğulayırlar.


 


Türkiyənin uşaq və yeniyetmə psixiatriyası mütəxəssisi Dr. Burcu Ece Kök Özyürek mövzu ilə bağlı mühüm məqamlara aydınlıq gətirib.




Həkim bildirib ki, hamiləlikdə istifadə edilən ağrıkəsicilərin autizmə yol aça biləcəyi iddiaları ana namizədlərində gərginlik yaratsa da, bu məsələdə balans düzgün qorunmalıdır:




"Hamiləlik onsuz da kifayət qədər həssas bir prosesdir. Yanlış və ya əskik məlumatlar bu dövrü lüzumsuz yerə daha da çətinləşdirə bilər. Sadəcə narahatlıq səbəbindən lazımi müalicədən qaçmaq, bəzən dərmanın özündən daha böyük risklər yarada bilər. Hamiləlikdə yüksək hərarətin nəzarətə alınmaması və ya şiddətli ağrıların müalicə edilməməsi həm ana, həm də körpə üçün mənfi nəticələrə səbəb ola bilər. Bu səbəbdən "heç istifadə etməmək daha təhlükəsizdir" yanaşması hər zaman doğru deyil".




Hər ana namizədinin sağlamlıq vəziyyətinin fərqli olduğunu xatırladan Dr. Özyürek, dərman istifadəsi ilə bağlı qərarların fərdi şəkildə verilməli olduğunu bildirib:




"Bir dərmanı istifadə edib-etməmək qərarını sosial mediadakı postlara görə deyil, sizi izləyən həkimlə birlikdə verin. Çünki doğru qərar risk və faydanın tərəziyə qoyulması ilə ortaya çıxır".




Həkim onu da qeyd edib ki, autizm spektr pozuntusu tək bir amildən asılı deyil:


 


"Bu, genetik və ekoloji bir çox faktorun birlikdə rol oynadığı mürəkkəb bir prosesdir və hələ də araşdırılmaqdadır. Bu səbəbdən yalnız bir dərmanı hədəf göstərmək elmi həqiqətlərlə uzlaşmır. Yanlış məlumatların yaratdığı lüzumsuz qorxu və stress, ananın psixoloji və fiziki sağlamlığına dərmandan daha çox zərər verə bilər".




Bəsti Rəfizadə

Sfera.az