Avropa İttifaqı (Aİ) son altı ildə üçüncü böyük iqtisadi sarsıntı ilə üz-üzədir. Pandemiya və 2022-ci ilin enerji böhranından sonra birliyin maliyyə resursları demək olar ki, tamamilə sıfırlanıb.




Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "Financial Times" (FT) qəzeti məlumat yayıb.




Nəşrin yazdığına görə, Kiprdə keçiriləcək qeyri-rəsmi sammitdə Aİ liderləri enerji qiymətlərinin kəskin artması və üzv ölkələrin büdcə imkanlarının tükənməsi məsələsini müzakirə edəcəklər. Hazırda Avropa qazıntı yanacağı idxalından kritik dərəcədə asılı vəziyyətdədir və bu asılılıq iqtisadiyyatı "vuran" əsas amilə çevrilib.




Ekspertlər qeyd ediblər ki, əvvəlki krizislər üzv dövlətlərin ehtiyatlarını bitirib. İndi hökumətlərin əlində qiymət artımının mənfi təsirlərini yumşaltmaq üçün demək olar ki, heç bir maliyyə rıçaqı qalmayıb.




Yaranmış vəziyyət Aİ-nin növbəti yeddiillik (2028-2034) ümumi büdcəsi ilə bağlı danışıqları da dalana dirəyib. Diplomatlar xəbərdarlıq edirlər ki, enerji və iqtisadi böhran nə qədər uzun çəksə, milli hökumətləri Avropa paytaxtlarına daha çox vəsait ayırmağa inandırmaq bir o qədər çətin olacaq. Çünki hər bir dövlət öz daxili maliyyə sabitliyindən ciddi narahatdır. 




Qeyd edək ki, cümə günü planlaşdırılan büdcə müzakirələrinin kifayət qədər gərgin keçəcəyi gözlənilir. Avropa İttifaqı həm idxal asılılığını azaltmalı, həm də boşalmış xəzinəni doldurmağın yollarını tapmalıdır.




Bəsti Rəfizadə

Sfera.az