1963-cü ildə ABŞ Prezidenti Con Kennedinin qətlə yetirilməsi ilə bağlı araşdırmalar üzərindən onilliklər keçsə də, hadisə ətrafındakı suallar hələ də tam cavablandırılmayıb.
Sfera.az xəbər verir ki, xarici mənbələrə əsasən, rəsmi nəticələr açıqlansa da, bu hadisə tarixdə ən mübahisəli siyasi qətllərdən biri kimi qalır.
22 noyabr 1963-cü ildə Dallas şəhərində prezident korteji hərəkətdə olarkən atəşə tutulub. Açıq avtomobildə olan Kennediyə bir neçə güllə dəyib və o, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Rəsmi istintaqa əsasən, hücumu Li Harvi Osvald həyata keçirib. Bildirilir ki, o, binanın yüksək mərtəbəsindən üç dəfə atəş açıb və təkbaşına hərəkət edib. Bu nəticə 1964-cü ildə yaradılan “Warren” Komissiyası tərəfindən təsdiqlənib.
Lakin araşdırmanın bəzi detalları illərdir müzakirə olunur. Xüsusilə “tək güllə nəzəriyyəsi” ciddi şübhələr doğurub. Bu versiyaya görə, bir güllə həm prezidenti, həm də Texas ştatının qubernatorunu yaralayıb. Tənqidçilər bunun texniki baxımdan inandırıcı olmadığını iddia edirlər.
1970-ci illərdə aparılan əlavə araşdırmalarda ikinci atıcının olması ehtimalı da gündəmə gəlib. Bəzi ekspert rəylərinə görə, hadisə zamanı birdən çox istiqamətdən atəş açılmış ola bilər. Bu isə rəsmi versiyanı yenidən sual altına salıb.
Hadisədən cəmi iki gün sonra əsas şübhəli Osvald da öldürülüb. Onu Cek Rubi adlı şəxs güllələyib. Osvaldın məhkəməyə çıxarılmadan öldürülməsi bir çox sualın cavabsız qalmasına səbəb olub.
Fidan Hacızadə
Sfera.az