Kanadanın “The Globe and Mail” qəzetinin məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2026-cı il Dünya Kubokuna ev sahibliyi edəcək Kanada şəhər rəhbərlərinə turnirin real xərcləri barədə yanlış və ya natamam məlumat verib.


 


Sfera.az xəbər verir ki, Vankuver şəhərinə yeddi oyun üçün əvvəlcə 240 milyon dollar xərc proqnozlaşdırılsa da, hazırda bu rəqəm 624 milyon dollara yüksəlib.


 


Hətta bəzi hesablamalara görə, ümumi xərclər 1 milyard dollara qədər arta bilər. Bildirilir ki, yalnız hüquq-mühafizə tədbirləri Vankuverə ən azı 345 milyon dollara başa gələcək.


 


Torontoda isə altı oyunun keçirilməsi üçün ilkin olaraq 45 milyon dollar xərc nəzərdə tutulsa da, bu məbləğ son hesablamalarda 380 milyon dollara çatıb. Şəhər şurasının üzvü Coş Matlou vəziyyəti sərt tənqid edərək, bunun “indiyə qədər gördüyü ən pis sövdələşmə” olduğunu bildirib. Onun sözlərinə görə, şəhər rəsmiləri faktiki olaraq FIFA-ya “boş çek” təqdim ediblər.




Qəzet həmçinin qeyd edir ki, xərclərin bu qədər artmasına FIFA-nın sərt və geniş tələbləri də ciddi təsir göstərib.




Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.


 


Niyaz Hacıyev 

Sfera.az