ABŞ NATO ölkələrinin fəaliyyətini və sadiqlik dərəcəsini qiymətləndirən xüsusi "qara siyahı" tərtib edib. Donald Trampın ABŞ-nin NATO-dakı roluna yenidən baxmaq vədindən sonra Vaşinqtonun bir sıra sərt addımlar atacağı gözlənilir. Bura alyansın maliyyələşdirilməsində Amerikanın payının azaldılması, Avropadakı ABŞ qoşunlarının sayının ixtisarı və ya "pis" müttəfiqin ərazisindən "yaxşı" müttəfiqin ərazisinə köçürülməsi daxildir. Həmçinin siyahıda aşağı yer tutan ölkələrə müasir silah satışının dayandırılması və birgə hərbi təlimlərin məhdudlaşdırılması da gündəmdədir.




Hazırda NATO üzvləri yalnız hücum olduqda bir-birinə dəstək verirlər, lakin Vaşinqton bu qaydadan məmnun deyil. ABŞ hesab edir ki, o, hər hansı tərəfə hücum etdikdə belə müttəfiqləri onun yanında olmalıdır.




Bəs ABŞ sadiq müttəfiqlərindən ibarət yeni hərbi ittifaq yarada bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, Donald Tramp həm İranla müharibə vaxtı, həm də indi NATO və Avropa İttifaqının (Aİ) sınaqdan çıxmalı olduğunu qeyd edib:




“Dünən o, hər iki qurumu yenidən ‘kağız pələng’ adlandırıb. Tramp vurğulayıb ki, nə NATO, nə də Avropa İttifaqı müttəfiqlik sınağından keçə bildi; onlar İranla müharibədə Amerikanın yanında yer almadılar. ABŞ-nin yeni bir ittifaq yaradacağına gəlincə, mən buna inanmıram. Çünki ABŞ və İsrail İrana hücum edəndə NATO üzvü olmayan Cənubi Koreya, Avstraliya və Yaponiya kimi dövlətlərə də müraciət etdilər, lakin həmin ölkələr də Amerikanın yanında olmadılar. Ona görə də Vaşinqtonun yeni bir ittifaq quracağını düşünmürəm, çünki qalan dövlətlər ümumiyyətlə ABŞ-nin hazırkı siyasəti ilə razılaşmırlar”.


 





Ekspert həmçinin qeyd edib ki, ABŞ NATO-dan çıxmağı planlaşdırmır:




“Tramp sadəcə hədə-qorxu gəlir və bu dövlətləri özündən daha çox asılı vəziyyətə salmağa çalışır. Məlumdur ki, NATO nizamnaməsinin 5-ci maddəsinə görə, müttəfiqlər yalnız hücuma məruz qaldıqda bir-birini qorumalıdırlar. Trampın istəyi isə odur ki, nizamnamədən kənar olsa da, ABŞ hücum edəndə müttəfiqlər ona kömək etsinlər. NATO dövlətləri buna əməl etmədilər və hər hansı yeni ittifaqın yaranması da gözlənilmir. NATO Amerikaya zəif və asılı formada lazımdır. Ən azı ona görə ki, NATO və Aİ ölkələri bütün silahlarını ABŞ-nin hərbi sənaye kompleksindən alırlar. Bu isə ABŞ-yə külli miqdarda investisiya və gəlir gətirir. Tramp da gəliri sevən liderdir. Ona görə də bu hədə-qorxular davam edəcək, lakin yeni ittifaqın yaradılması real görünmür”.


 


Bəsti Rəfizadə

Sfera.az