ABŞ-nin İranla bağlı Hörmüz boğazında tətbiq edilən dəniz blokadası məsələsində Avropa ölkələrindən gözlədiyi dəstək kifayət qədər qarşılanmır.
Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, ABŞ bu məsələdə Avropa tərəfdaşlarından daha aktiv və konkret mövqe gözləsə də, hazırda əsasən siyasi bəyanatlarla kifayətlənildiyini, real əməli addımların isə müşahidə olunmadığını qeyd edir. Xüsusilə İran ilə bağlı gərginliyin artdığı və Hörmüz boğazı kimi strateji əhəmiyyətli bir bölgədə təhlükəsizlik risklərinin yüksəldiyi şəraitdə bu mövzu beynəlxalq koordinasiya baxımından daha da aktuallaşır.
Maraqlıdır, ABŞ real addımlar dedikdə nəyi nəzərdə tutur? Həmçinin Ağ Ev indiki məqamda konkret açıq dəstəyi hansı ölkələrdən gözləyir?
Mövzu ilə bağlı Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə i, ABŞ “real addımlar” dedikdə, konkret olaraq Avropa ölkələrinin Hörmüz ətrafına ordu göndərməsi məsələsini nəzərdə tutur:
“Çünki, Rəsmi Vaşinqton dəfələrlə Avropalı müttəfiqlərinə bununla bağlı müraciət etsə də, onlardan lazımi cavabı ala bilməyib. Bu da istər-istəməz Ağ Ev rəhbərliyində qıcıq yaradır. İndiki məqamda konkret olaraq, ABŞ-nin dəstək gözlədiyi ölkələr ilk növbədə İngiltərə, Fransa və Almaniyadır. Bu ölkələr hər zaman ABŞ-nin müttəfiqi olublar, ABŞ-yə dəstək veriblər. İndi də bu ölkələrdən yardım gözlənilir. Bu ölkələr əksəriyyəti NATO ölkələridir. ABŞ-nin Hörmüzlə bağlı dəstək gözlədiyi ölkələr NATO ölkələridir. Yəni, ABŞ İrana göstərmək istəyir ki, necə ki, koalisiya qüvvələri birləşərək İraqda Səddam Hüseyni hakimiyyətdən devirdilər, eyni situasiyada bu, İranda da baş verə bilər. Yəni, NATO ölkələri ətrafına yığaraq, bir koalisiyanın mövcud olduğunu, ABŞ-nin tək olmadığını göstərməyə çalışır”.
Politoloq qeyd edib ki, İranı məhz bu yolla Hörmüzü açdırmağa məcbur etmək istəyir:
“Çünki, İran Hörmüzü danışıqlar predmeti edib. İranın nüvə məsələsi və digər məsələlər ikinci sırada qalıb. Artıq Hörmüz məsələsi aktualdır. İran konkret olaraq Hörmüzü razılaşma predmeti etmək istəyir. Amma ABŞ buna razı deyil. Düşünürəm ki, ABŞ, bu məsələlərin həlli ilə bağlı Avropa ölkələrinə təzyiqi gücləndirəcək”.
Niyaz Hacıyev
Sfera.az