Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginliyə və ABŞ-İsrail koalisiyası ilə qarşıdurmaya baxmayaraq, İran avqustun 12-də Xəzəryanı dövlətlərin növbəti sammitinə ev sahibliyi etmək niyyətindədir.




Sfera.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Qazaxıstandakı səfiri Əli Əkbər Cövkar Astanada keçirilən Regional Ətraf Mühit Zirvə toplantısında çıxış edərkən bildirib.




Səfir qeyd edib ki, İran 2026-cı ilin avqust ayında Xəzəryanı dövlətlərin yeddinci zirvə toplantısını keçirməyi planlaşdırır:




"Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Xəzəryanı dövlətlərin prezidentlərini Tehranda qəbul etmək şərəfinə nail olacağıq".




Qeyd edək ki, 12 avqust Beynəlxalq Xəzər Dənizi Günü kimi qeyd olunur. Məhz 2006-cı ilin bu tarixində Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası (Tehran Konvensiyası) qüvvəyə minib. Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) liderlərinin sonuncu - altıncı sammiti 2022-ci ildə Aşqabadda baş tutub.




Tehranın bu təşəbbüsü regionda vəziyyətin son dərəcə mürəkkəb olduğu bir vaxta təsadüf edir. Xatırladaq ki, cari ilin 28 fevralından etibarən ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp tərəfindən elan edilən iki həftəlik müvəqqəti atəşkəs və aprelin 11-də İslamabadda aparılan danışıqlar tərəflər arasında hələlik uzunmüddətli razılaşma ilə nəticələnməyib.




Aprelin 21-də Ağ Ev rəhbəri atəşkəsin uzadılması niyyətini açıqlasa da, Tehran tərəfi Vaşinqtonun birtərəfli qərarlarını tanımayacağını və öz milli maraqlarına uyğun addımlar atacağını bəyan edib. Belə bir şəraitdə Xəzəryanı ölkələrin sammitinin keçirilməsi İranın regional təcridi yarmaq və diplomatik aktivliyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilib.




Bəsti Rəfizadə

Sfera.az