İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktublarda bildirib ki, İran Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını ABŞ-yə hərbi əməliyyatlarda yardım göstərməkdə ittiham edib.
O qeyd edib ki, ABŞ bu ölkələrin ərazilərindən və hava məkanından istifadə edərək İrana qarşı hərbi əməliyyatların planlaşdırılması, hazırlanması və həyata keçirilməsini davam etdirib.
Sülh olduqdan sonra İranla Körfəz ölkələrinin münasibətləri necə olacaq, yenə də gərginlik davam edəcəkmi?
Siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlamasında ABŞ-nin, xüsusən İsrailin Vaşinqtona təlqin etdiyi siyasi proqramda əsasən Körfəz ölkələri ilə İranın arasını vurmaq və gərginliyi artırmağın yer aldığını söyləyib.
Onun sözlərinə görə, İran rejiminin bərqərar olmasında Qərbin məqsədi bu ölkəni müsəlman aləminə qarşı istifadə etmək olub:
“Buna misal olaraq göstərmək olar ki, İranda teokratik hakimiyyət qurulan kimi Qərb həm İraqı, həm də İranı təhrik edərək 8 illik müharibəyə cəlb etdi. Nəticədə İraqın Fələstinin azadlığı uğrunda ərəb ölkələri ilə koalisiya yaratmaq cəhdi pozuldu. Eyni zamanda İranın məzhəbçi ideologiyası, qatı şiə doktrinası sünni Körfəz ölkələrini hər zaman təhdid altında saxlayır və “inqilabın ixracı” planından qorunmaq üçün onları ABŞ və digər Qərb ölkələrinə möhtac edir. İran müsəlman aləminə qarşı ABŞ və digər Qərb dövlətlərinin dəyənəyi rolundadır. İranın BMT-dəki nümayəndəsinin məktubunda qeyd olunanlar indidən Körfəz ölkələri üçün təhdiddir. Yəni ABŞ və İsraillə məsələni həll edib onların üzərinə gedəcəklər. İran rejiminin ümumi hədəfinin İslam və müsəlman aləmi olduğu üçün rejimi tam məhv etməkdə tərəddüdlər var”.
Siyasi şərhçinin fikrincə, ABŞ Körfəz ölkələri ilə İranı müharibə vəziyyətində saxlamaqla onları daha çox istismar etmək istəyir:
“Onsuz da ABŞ müharibənin bütün xərclərinin Körfəz ölkələri tərəfindən ödənəcəyini bildirir. İranla Körfəz ölkələri arasında vəziyyət gərgin olaraq saxlanılacaq. ABŞ və İran arasında sülhün daimi olacağı da dəqiq deyil. Bu proseslərdə Körfəz ölkələrinin İran tərəfindən vurulması da onlara bir siqnal idi. ABŞ İranda ata-oğul münaqişəsinə çevrilməkdə olan və nəticədə etirazlar dalğası zamanı hakimiyyətə zərbə vura biləcək prosesləri qabaqladı və asan yolla dini liderliyi dəyişərək “sağlamlaşdırdı”. Etirazlar zamanı parçalanmış xalqı hücumlar vasitəsilə birləşdirdi. İran ordusuna zəif yerlərini göstərdi, zəif komandirləri aradan götürdü. İrana hətta ABŞ-yə qarşı duruş gətirmiş, onun qarşısında dayanmış bir güc obrazı verdi. Hazırda isə İranın müsəlman aləminə qarşı daha amansız şəkildə istifadə olunması üzərində işlənilir. İranın Körfəz ölkələrini təhdid etməsi artıq bu planın giriş hissəsinin icrasına başlanıldığını göstərir”.
Fidan Hacızadə
Sfera.az