Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində (MDBƏİ) Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyyəsi üzrə 8 yer ayrılıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 23-30 aprel 2026-cı il tarixlərində tələb olunan sənədləri mövzu hissəsində “MDBƏİ” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Namizədlər şəxsiyyət vəsiqəsi, cari ilin məzunları üçün yarımillik qiymətləri göstərilən arayış, əvvəlki illərin məzunları üçün orta təhsil haqqında sənəd, oğlanlar üçün hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, həmçinin əlaqə məlumatlarını təqdim etməlidirlər.
Müsabiqədə iştirak hüququ orta məktəbin rus bölməsini bitirən, 2026-cı il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri 4 və 5 olan, müvafiq fənlər üzrə yüksək göstəricilər əldə etmiş, həmçinin buraxılış imtahanında 200 və daha çox bal toplamış Azərbaycan vətəndaşlarına şamil edilir.
Məlumata görə, sənədləri qəbul edilən abituriyentlərlə may ayının əvvəlində müsahibə keçiriləcək. Müsahibə zamanı namizədlərin ümumi dünyagörüşü, Azərbaycan və ingilis dillərində danışıq bacarıqları qiymətləndiriləcək.
Qeyd olunub ki, ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər müsabiqədə iştirak edə bilməzlər. Namizədlər beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, ticarət işi, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, ekologiya və təbiətdən istifadə ixtisasları üzrə müsabiqəyə qatıla bilərlər.
Seçim nəticəsində göstəriciləri ən yüksək olan və müsahibədən uğurla keçən 8 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təqdim olunacaq.
DİM-dən bildirilib ki, növbəti mərhələdə universitet tərəfindən iki mərhələli imtahan keçiriləcək. İmtahanların məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları abituriyentlər universitetin rəsmi internet səhifəsindən əldə edə bilərlər.
Bəsti Rəfizadə
Sfera.az