Bu gün ABŞ Dövlət Departamentində Livan və İsrail rəsmiləri arasında görüş keçiriləcək. Bu, danışıqların ikinci mərhələsidir. Birinci mərhələ isə ABŞ Dövlət Departamentində aprelin 14-ü keçirilib. 




Bu danışıqlardan hansısa nəticə gözləmək olarmı, yoxsa hər şey ABŞ və İran arasında keçiriləcək danışıqlardan asılı olacaq?




Sfera.az-a bu haqda açıqlama verən politoloq Taleh Əliyevin sözlərinə əsasən, ilk görüş Amerika Birləşmiş Ştatlarındakı İsrail və Livan səfirləri arasında baş tutmuşdu və bu gün keçiriləcək növbəti görüş də yenə hər iki ölkənin Amerika Birləşmiş Ştatlarındakı səfirləri səviyyəsində baş tutacaq:




“Amma hər iki ölkənin siyasi hakimiyyəti bu görüşlərin gedişindən məmnundur və söhbət razılaşdırılmış istiqamətdə, Livan ərazisində Hizbullahın tərksilah olunması və İsraillə Livan arasında dinc, normal qonşuluq münasibətlərinin yaradılmasına zəmin hazırlamaqdan gedir. Bu baxımdan ola bilsin ki, bugünkü görüşdən də hər hansısa razılaşma əldə olunsun. Çünki əslində Livan hakimiyyəti də “Hizbullah”ın ölkə daxilində özünü tam sərbəst aparmasından narazıdır və hansısa formada onun cilovlanmasını, xüsusilə də hərbi qanadının tamamilə ləğv edilməsini, ölkədə legitim siyasi hakimiyyət institutlarının güclənməsini istəyir. Ona görə də İsrail tərəfinin təzyiq və təkidi ilə həyata keçirilən bu siyasət əslində elə Livan hakimiyyətinin də maraqlarına uyğundur”.


 





Ekspertin fikrincə, vəziyyətin bu istiqamətdə gedişi isə heç şübhəsiz ki, həm “Hizbullah”ı qane etmir, həm də “Hizbullah”ın arxasında dayanan İran tərəfi də vəziyyətin bu cür gedişindən məmnun deyil:




“Ona görə də İsraillə Livan arasında keçirilən görüşün ABŞ-İran danışıqları ilə əlaqəsi olduğunu mən hesab etmirəm. Əksinə, İranın tələb etdiyi istiqamətdə baş tutmamasında İsrail tərəfi maraqlıdır və eyni zamanda Livan hakimiyyəti də görüşlərin bu formatda keçməsindən məmnundur. Yəqin ki, bu danışıqlar bugünkü mərhələdə də olmasa, ən azından davam etdirilməsi hər iki tərəf üçün məqsədəuyğun sayılacaq. Növbəti mərhələdə, xüsusilə də Amerika Birləşmiş Ştatları, İsrail və İran arasındakı müharibənin nəticələrindən asılı olaraq, İsraillə Livan arasında “Hizbullah”a qarşı koordinasiya olunmuş fəaliyyətin də müsbət nəticələri olacaq”.




Bəsti Rəfizadə

Sfera.az