Valideynlər arasında az yemək yeyən uşaqlarla bağlı narahatlıq geniş yayılıb. Gün ərzində çox az qida qəbul edən uşaqların “qidalanma problemi”nin olduğu düşünülsə də, mütəxəssislər bildirirlər ki, bu hal hər zaman ciddi problem demək deyil və hər uşağın vəziyyəti ayrı-ayrılıqda qiymətləndirilməlidir.




Sfera.az xəbər verir ki, uşaq sağlamlığı və qidalanma üzrə mütəxəssislərə görə, əsas göstərici uşağın nə qədər yeməsi deyil, onun ümumi inkişafıdır.


 


Əgər uşaq enerjilidirsə, böyümə normal gedirsə və sağlamlıq vəziyyəti yaxşıdırsa, az yemək çox vaxt normal sayılır. Xüsusilə böyümənin yavaşladığı dövrlərdə iştahanın azalması təbii hal hesab olunur.




Çox vaxt uşağın yeməkdən imtina etməsi iştahsızlıqdan deyil, qida ilə formalaşan yanlış münasibətdən irəli gəlir. Yemək zamanı davamlı təkid, məcbur etmə uşağın təbii aclıq və toxluq hisslərini zəiflədə bilər və nəticədə yeməyə qarşı daha çox müqavimət formalaşır.




Hər uşağın enerji ehtiyacı fərqlidir. Daha az aktiv və ya maddələr mübadiləsi yavaş olan uşaqlar kiçik porsiyalarla da kifayətlənə bilər. Gün ərzində qəbul edilən digər qidalar da ümumi enerji balansına təsir edir.




Mütəxəssislərin fikrincə, qidalanmada əsas diqqət yetirilməli məqam yeyilən miqdar deyil, qidaların müxtəlifliyidir. Uşaqlar fərqli qida qruplarından az da olsa qəbul etdikdə, adətən orqanizmin ehtiyacları qarşılanır. Lakin menyu eyni tip qidalardan ibarət olduqda zamanla qida çatışmazlığı riski arta bilər.




Nəticə olaraq, əgər böyümədə geriləmə, davamlı halsızlıq və ya qida qəbulunda kəskin imtina kimi əlamətlər varsa, pediatr müayinəsi tövsiyə olunur.


 


Mənsumə

Sfera.az