Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, Azərbaycan Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitinə dəvət edilib, lakin hələlik Türkiyə və Azərbaycanın bu təklifə cavabı yoxdur.
Bu kimi beynəlxalq platformalar region ölkələri arasında dialoq və siyasi təmasların genişlənməsi baxımından mühüm imkanlar yaradır və xüsusilə mövcud gərginlik fonunda tərəflər arasında dolayı ünsiyyət kanallarının açılması kimi qiymətləndirilə bilər.
Maraqlıdır, Azərbaycan və Türkiyənin bu sammitdə iştirakı nə dərəcədə gözləniləndir? Bu iştirak tərəflər arasında münasibətlərin normallaşması və dialoqun inkişafı baxımından əhəmiyyətli irəliləyiş yarada bilərmi, yoxsa proses daha çox siyasi kontekstdən asılı olaraq dəyişən mövqe olaraq qalır?
Həmçinin, tərəflərin bu məsələdə ortaq və ya razılaşdırılmış qərar qəbul etməsi mümkündürmü?
Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanın Avropa Siyasi Birliyi sammitində iştirakı müəyyən dərəcədə Ermənistanın mövqeyi və regional siyasi proseslərin gedişatından asılıdır:
“Mövcud şərtlər fonunda Azərbaycan rəhbərliyinin İrəvanda keçiriləcək tədbirdə iştirakı üçün əlverişli mühitin formalaşdığını demək çətindir. Buna səbəb isə Ermənistan tərəfinin bəzi hallarda sabit və ardıcıl olmayan siyasi mövqe nümayiş etdirməsidir ki, bu da ümumi etimad mühitinə təsir göstərir. Eyni zamanda, qarşıda hələ də həllini gözləyən mühüm məsələlər mövcuddur və bu məsələlər regiondakı diplomatik dinamikanı birbaşa müəyyənləşdirir”.
Politoloq qeyd edib ki, xüsusilə sülh prosesi və kommunikasiya xətlərinin açılması kimi istiqamətlər hələ tam həll olunmayıb və danışıqlar gündəliyinin əsas hissəsini təşkil edir:
“Bütün bunlara baxmayaraq, tərəflər arasında indiyədək müəyyən irəliləyiş əldə edilib və bu, prosesin tam dayanmadığını göstərir. Lakin gələcəyi tam aydın olmayan və həssaslıq daşıyan məsələlər kontekstində Azərbaycan Prezidentinin İrəvana səfərinin reallaşması hazırkı mərhələdə real görünmür. Ümumilikdə, vəziyyət hələ də diplomatik ehtiyatlılıq tələb edən mərhələdə qalır və qərarlar məhz bu reallıqlar nəzərə alınaraq verilir”.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin sammiti mayın 12-də keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az