Ağ çörəyin gündəlik istehlakı qısa müddətdə ciddi problem yaratmaya bilər, lakin uzunmüddətli dövrdə orqanizmdə bir sıra metabolik dəyişikliklərə səbəb ola bilər.
Sfera.az xəbər verir ki, bu təsirlər əsasən onun yüksək qlisemik indeksə malik olması və emal olunmuş məhsul kimi qida dəyərinin aşağı olması ilə əlaqələndirilir. Ağ çörək orqanizmdə tez həzm olunur və qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur, ardınca isə bu səviyyə tez düşdüyü üçün insanlarda tez acma hissi və enerji dalğalanmaları yaranır.
Bu proses uzun müddətdə qidalanma davranışına da təsir edir. Tez-tez acma hissi daha çox qida qəbuluna gətirib çıxarır ki, bu da artıq çəki və piylənmə riskini artırır. Qan şəkərinin davamlı yüksəlməsi bədəni daha çox insulin ifraz etməyə məcbur edir və bu hal zamanla insulin müqavimətinin formalaşmasına şərait yarada bilər. Nəticədə 2-ci tip diabet riskinin artması ehtimalı da yüksəlir. Ağ çörək emal olunmuş məhsul olduğu üçün lif, vitamin və mineral baxımından zəifdir. Bu isə bağırsaqların normal fəaliyyətinə mənfi təsir göstərir və lif çatışmazlığı nəticəsində qəbizlik və digər həzm problemləri yarana bilər.
Mütəxəssislər tamamilə çörəkdən imtinanı vacib saymır, lakin ağ çörəyin azaldılmasını, əvəzində tam buğda və ya kəpəkli çörəyə üstünlük verilməsini və ümumilikdə balanslı qidalanmanı daha faydalı hesab edirlər.
Niyaz Hacıyev
Sfera.az