ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini dekabr ayında keçiriləcək G20 sammitinə dəvət etmək niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə “The Washington Post " (WP) qəzeti ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
"Hazırda heç bir rəsmi dəvətnamə verilməyib, lakin Rusiya G20 üzvüdür və nazirlərin görüşlərinə və liderlərin sammitinə dəvət olunacaq. Tramp ABŞ-nin uğurlu və məhsuldar bir sammit keçirməyə diqqət yetirdiyi bir vaxtda Rusiyanın bütün G20 görüşlərində iştirak etməyə hazır olduğunu açıq şəkildə bildirib",– administrasiyanın yüksək vəzifəli rəsmisi bildirib.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin daha əvvəl BMT-nin qərargahında jurnalistlərə bildirib ki, Rusiya 14-15 dekabr tarixlərində Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitində ən yüksək səviyyədə iştirak etməyə dəvət olunub. G20 sammitində Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı suala cavab olaraq Pankin bildirib ki, məsələ ilə bağlı aydınlıq tədbirin tarixinə yaxınlaşdıqca ortaya çıxacaq.
Firuzə Əliyeva
Sfera.az