ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn futbol üzrə Dünya Kubokunda İran milli komandasının İtaliya ilə əvəz olunması ehtimalını nəzərdən keçirə biləcəyini bildirib.


 


Sfera.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bu təklifi “maraqlı” adlandırıb və “İcazə verin, bir az düşünüm” deyə əlavə edib. O, həmçinin məsələ ilə bağlı Dövlət katibi Marko Rubionun da mövqeyini öyrənmək istədiyini bildirib. ABŞ Dövlət Departamentinin rəhbəri isə qeyd edib ki, ABŞ İran idmançılarının ölkəyə gəlməsinə qadağa qoymayıb.


 


Onun sözlərinə görə, əsas narahatlıq idmançılar deyil, onların müşayiət edə biləcəyi bəzi şəxslərlə bağlıdır. Rubio əlavə edib ki, İran tərəfi özü iştirakdan imtina qərarı verib və biz idmançılara zərər vermək istəmirik. Bundan əvvəl “Financial Times” qəzeti ABŞ prezidentinin qlobal tərəfdaşlıq üzrə elçisi Paolo Zampollinin İran millisinin İtaliya ilə əvəz olunması təklifini Tramp və FIFA prezidenti Canni İnfantinoya təqdim etdiyini yazmışdı. Qeyd edək ki, İtaliya milli komandası turnirə vəsiqə qazana bilməyib. İran tərəfi ilə bağlı mövqelərdə isə ziddiyyətli açıqlamalar davam edir.


 


Ölkənin idman naziri Əhməd Donyamali təhlükəsizlik səbəbilə iştirak məsələsinin hələ yekunlaşmadığını bildirsə də, daha əvvəl komandanın turnirdə iştirak etməyəcəyi barədə açıqlama vermişdi. Lakin sonradan İran Futbol Federasiyası iştirakdan imtina etməyəcəyini bəyan edib. Rəsmi Tehran isə son olaraq İran milli komandasının 2026-cı il Dünya Kubokuna hazırlıqlarını davam etdirdiyini və iştirak üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.


 


Niyaz Hacıyev


Sfera.az