Yaxın Şərqdəki münaqişələr fonunda hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket qıtlığı yaşayan ABŞ, hərbi resurslarını hara yönəldəcəyi ilə bağlı çətin seçim qarşısındadır.
Sfera.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumat yayıb.
Məqalədə qeyd olunub ki, sursat çatışmazlığı ABŞ qüvvələrinin Asiyada baş verə biləcək mümkün müharibəyə hazırlıq səviyyəsinə ciddi zərbə vurur.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi, istefada olan polkovnik Mark Kansian qəzetə müsahibəsində vəziyyətin gərginliyini belə təsvir edib:
“ABŞ-nin əlində bir çox silah növü üzrə kifayət qədər arsenal olsa da, bəzi kritik hücum və raketdən müdafiə sursatları hələ müharibədən əvvəl az idi, indi isə daha da azalıb”.
"The Wall Street Journal"ın (WSJ) məlumatına görə isə, ABŞ İranla gərginlik fonunda 1000-dən çox uzunmənzilli "Tomahawk" raketi, həmçinin THAAD və "Patriot" sistemləri üçün 1500-2000 ədəd kritik önəmə sahib önləyici raket istifadə edib. Ekspertlər xəbərdarlıq edir ki, xərclənən bu nəhəng ehtiyatın tamamilə bərpa edilməsi 6 ilə qədər vaxt apara bilər.
NYT-nin təhlilinə əsasən, hərbi təchizatın Yaxın Şərqə yönəldilməsi Pentaqonun Asiya-Sakit okean regionundakı planlarını alt-üst edir. Raket ehtiyatlarının sürətlə tükənməsi, Vaşinqtonun bu regiondakı potensial rəqiblərinə qarşı müdafiə qabiliyyətini sual altına qoyur.
Bəsti Rəfizadə
Sfera.az