Çinli alimlərin Ay səthindən topladığı süxur nümunələri üzərində apardığı araşdırmalar dünya elmi ictimaiyyətinin diqqət mərkəzindədir. Tədqiqatlar nəticəsində Ayda indiyədək məlum olmayan daha iki yeni mineral növü aşkar olunub.
Sfera.az xəbər verir ki, bu barədə məlumat Çində keçirilən 11-ci Çin Kosmos Günü tədbirində rəsmən açıqlanıb.
Bu kəşf bəşəriyyətin Ayın geoloji quruluşu və mineral müxtəlifliyi haqqında biliklərini bir addım da irəli aparıb.
"Çanqe-5" (Chang'e-5) kosmik gəmisi vasitəsilə Yerə gətirilən torpaq və qayalıq nümunələrində tapılan bu nadir fosfat minerallarına "Maqnezioçanqizit-(Y)" və "Çanqizit-(Ce)" xüsusi adlar verilib.
Tədqiqatçılar bu mineralların "nadir torpaq fosfatı" kateqoriyasına aid olduğunu və Ayın formalaşma tarixinə dair mühüm ipucları daşıdığını bildiriblər.
Hər iki mineral Beynəlxalq Mineralogiya Assosiasiyasının (IMA) Yeni Minerallar, Nomenklatura və Təsnifat Komissiyası tərəfindən ciddi sınaqlardan keçirilərək rəsmən qeydiyyata alınıb. Qeyd edək ki, bu, Çinin Ay missiyası çərçivəsində aşkar etdiyi ikinci və üçüncü minerallardır. Bundan əvvəl, 2022-ci ildə çinli mütəxəssislər “Çanqizit-(Y)” adlı ilk mineralı kəşf etdiklərini bəyan etmişdilər.
Son tapıntılarla birlikdə Ay səthində aşkar edilən ümumi mineralların sayı 8-ə yüksəlib. Əvvəllər bu sahədəki kəşflərə ABŞ və Rusiya (SSRİ) tərəfindən gətirilən nümunələr liderlik edirdi. Lakin Çinin son illərdəki kosmik həmlələri bu balansı dəyişməyə başlayıb. Məlumat üçün bildirək ki, Çinin "Çanqe-5" aparatı 2020-ci ilin noyabrında kosmosa göndərilmiş və həmin ilin dekabrında təxminən 1,73 kiloqram Ay nümunəsi ilə uğurla Yerə qayıtmışdı. Həmin az miqdarda toz və qaya parçaları hələ də elm dünyası üçün yeni qapılar açmaqda davam edir.
Bəsti Rəfizadə
Sfera.az