Qlobal daşınmaz əmlak məsləhətçisi olan “Knight Frank” şirkətinin son hesabatı dünya iqtisadiyyatında yeni bir dövrün başladığından xəbər verir. Hesabata görə, dünyadakı milyarderlərin sayı 2031-ci ilə qədər təxminən 25% artaraq 4 minə yaxınlaşacaq.
Sfera.az bildirir ki, sərvət artımındakı bu sıçrayışın əsas hərəkətverici qüvvəsi məhz süni intellekt (Sİ) sektorundan əldə edilən nəhəng qazanclardır.
“Knight Frank”in proqnozlarına əsasən, hazırda dünyada 3110 olan milyarder sayı növbəti beş il ərzində 3915-ə yüksələcək. Şirkətin araşdırma bölməsinin rəhbəri Liam Beyli bildirib ki, texnologiya və süni intellekt sayəsində biznesləri genişləndirmək imkanı indiyə qədər heç vaxt bu qədər əlçatan olmayıb:
“Texnologiya və süni intellekt böyük sərvətlərin çox daha qısa müddətdə qazanılmasına şərait yaradır. Artıq bir işi böyütmək üçün onilliklər tələb olunmur”.
Milyarder sayının artım tempinə görə bəzi ölkələr xüsusilə fərqlənir.
Səudiyyə Ərəbistanı
Milyarder sayının 23-dən 65-ə yüksələcəyi və iki dəfədən çox artacağı gözlənilir.
Polşa
Bu ölkədə milyarderlərin sayının 13-dən 29-a çıxacağı proqnozlaşdırılır.
İsveç
81%-lik artımla milyarder sayının 32-dən 58-ə çatacağı bildirilib.
Qlobal sərvət paylanmasında Şimali Amerika 37%-lə liderliyini qoruyur. Onu 31%-lə Asiya-Sakit okean regionu və 25%-lə Avropa izləyir. Lakin sərvətlər sürətlə artarkən, qlobal bərabərsizlik də eyni templə böyüyür. 2026-cı il Dünya Bərabərsizlik Hesabatına istinadən qeyd olunur ki, dünya əhalisinin cəmi 0,001%-ni təşkil edən (60 mindən az şəxs) kiçik bir qrup, bəşəriyyətin ən yoxsul 50%-lik kəsiminin ümumi sərvətindən üç dəfə çox var-dövlətə sahibdir.
“Knight Frank” həmçinin əlavə edib ki, ABŞ-ın başçılıq etdiyi, Çin və Hindistanın dəstəklədiyi bu tendensiya təkcə milyarderlərin deyil, həm də sərvəti 30 milyon dollardan çox olan multimilyonerlərin sayını 713 mini ötürəcək.
Bəsti Rəfizadə
Sfera.az