Son dövrlərdə havaların fasilələrlə dəyişkən keçməsi və güclü yağıntıların tez-tez müşahidə olunması kənd təsərrüfatı sahəsində, xüsusilə meyvəçilikdə narahatlıq doğuran amillərdən biri kimi qiymətləndirilir.


 


Belə qeyri-sabit hava şəraiti həm məhsuldarlığa, həm də yığım və daşınma proseslərinə birbaşa təsir göstərə bilər. Bu fonda istehlak bazarında qiymətlərin və məhsul bolluğunun necə dəyişəcəyi ilə bağlı suallar aktuallaşır.


 


Maraqlıdır, havaların fasilələrlə dəyişkən keçməsi və güclü yağıntıların artması meyvə istehsalına və tədarük zəncirinə necə təsir edir və bu şəraitdə bazarda mövsümi meyvə qıtlığının yaranması ehtimalı varmı?


 


Mövzu ilə bağlı aqrar ekspert Allahverdi Mustafayev Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, bu il havaların yağmurlu keçməsi hələlik meyvə istehsalına ciddi mənfi təsir göstərəcəyi ilə bağlı konkret fikir söyləməyə əsas vermir:


 


“Çünki yağıntılar davamlı və uzunmüddətli deyil, adətən bir-iki gün ərzində baş verir və sonra müəyyən fasilə yaranır. Bu fasilələr isə bitkilərin normal inkişaf prosesinin davam etməsi üçün imkan yaradır. Azərbaycanın iqlim şəraiti də kifayət qədər müxtəlifdir və bu müxtəliflik nəticəsində ayrı-ayrı regionlarda çiçəklənmə və mayalanma prosesi eyni vaxtda deyil, fərqli dövrlərdə baş verir. Eyni zamanda, meyvə və bitkilərin çeşidinə görə də çiçəklənmə vaxtları dəyişir ki, bu da ümumi məhsuldarlığın yalnız bir hava amilindən asılı olmamasını göstərir”.


 


Ekspert qeyd edib ki, bütün bu amilləri birlikdə nəzərə aldıqda demək olar ki, hazırkı yağıntıların bazara ciddi şəkildə təsir edərək meyvə qıtlığı yaradacağı barədə konkret və qəti gözlənti yoxdur:


 


“Hazırda belə bir riskin formalaşdığı da müşahidə edilmir. Əksinə, əsas problem kimi yalnız temperaturun nisbətən aşağı olması qeyd oluna bilər ki, bu da bitkilərin inkişaf sürətini bir qədər ləngidə bilər. Lakin ümumilikdə bazarda məhsuldarlıq təkcə yağıntı və temperaturla deyil, həm də torpaq şəraiti, aqrotexniki qulluq, sort xüsusiyyətləri və digər iqlim faktorlarının birgə təsiri ilə müəyyən olunur. Buna görə də güclü yağıntıların mövcudluğu vacib amillərdən biri olsa da, təkbaşına həlledici faktor kimi qiymətləndirilə bilməz”.


 


Niyaz Hacıyev


Sfera.az