ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə benzin qiymətlərinin yüksək səviyyədə qalacağını etiraf edib. O, bu barədə İrana qarşı tətbiq edilən blokadanı şərh edərkən danışıb. Tramp qeyd edib ki, onun gözləmək üçün kifayət qədər vaxtı olsa da, İranın belə bir imkanı yoxdur.




Bəs yanacaq qiymətlərinin artmasına ABŞ uzun müddət tab gətirə bilərmi? Mövcud vəziyyətdə müharibə edən tərəflərdən hansı ölkənin iqtisadi baxımdan müqavimət gücü daha çoxdur? 


 


Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Trampın bu bəyanatı iqtisadiyyatdan çox, geosiyasi mesaj xarakteri daşıyır:




“ABŞ enerji qiymətlərindəki qısamüddətli təzyiqə dözə biləcəyini nümayiş etdirməklə, İrana qarşı sanksiya və blokada siyasətinin davamlı olacağı siqnalını verir. Diversifikasiya olunmuş iqtisadiyyat, zəngin strateji ehtiyatlar və daxili şist nefti istehsalı sayəsində ABŞ yüksək benzin qiymətlərini müəyyən müddət kompensasiya edə bilir. Lakin bu vəziyyət ölkə daxilində inflyasiya yaradır və seçicilərin rəyinə təsir göstərir. Yəni ABŞ üçün əsas məsələ sadəcə "tab gətirmək" deyil, bu yükün siyasi fəsadlarını idarə etməkdir”.


 




Politoloq İranın daha ciddi struktur problemləri ilə üzləşdiyini vurğulayıb:




“İran iqtisadiyyatı enerji ixracından birbaşa asılıdır və sanksiyalar maliyyə axınlarını məhdudlaşdırır. Bu da uzunmüddətli blokada şəraitində sosial-iqtisadi gərginliyi artırır. İranın qeyri-rəsmi ticarət kanalları və daxili subsidiyalar kimi müəyyən ‘davamlılıq resursları’ olsa da, ümumi müqayisədə ABŞ daha dözümlü tərəfdir. İranın modeli zamanla zəifləyən, lakin qısa və orta müddətdə müqavimət göstərə bilən xarakter daşıyır”.


 


Fidan Hacızadə

Sfera.az