Mütəxəssislər müasir dövrdə smartfon və planşetlərdən istifadənin kütləviləşməsi ilə uşaqlarda duruş pozğunluqları, bel və boyun ağrılarının kəskin artdığını bəyan edirlər. Əvvəllər daha çox yaşlı nəsildə təsadüf edilən onurğa xəstəlikləri, artıq kiçikyaşlı uşaqların da sağlamlığını təhdid edir. Başın uzun müddət irəli və aşağı əyilmiş vəziyyətdə qalması boyun nahiyəsinə və onurğa sütununa izafi yük yaradır. Xüsusilə pandemiyadan sonrakı dövrdə ekran qarşısında keçirilən vaxtın artması ilə gündə 5 saatdan çox texnoloji cihazlardan istifadə edən uşaqlarda əzələ-skelet sistemi şikayətləri daha geniş vüsət alıb.
Sfera.az xəbər verir ki, pediatrlar və fizioterapevtlər uşaqların uzun müddət hərəkətsiz qalmasının onurğa problemlərini dərinləşdirməsindən ciddi narahatlıq ifadə edirlər.
Fiziki terapiya mütəxəssisləri vurğulayırlar ki, ekran qarşısında keçən saatlar uşaqlarda postural (duruş) qüsurlara yol açır. Bu isə təkcə boyun və bel ağrıları ilə məhdudlaşmır, həm də ümumi əzələ gərginliyi və xroniki halsızlıq hissi yaradır.
Hərəkətsizliyin mənfi təsirlərini şərh edən ekspertlər bildirir ki, fiziki fəaliyyətin azlığı uşaqların əzələ strukturunu zəiflədir və bu, gələcəkdə daha mürəkkəb sağlamlıq problemlərinə zəmin hazırlayır. Mütəxəssislər uşaqlara virtual aləmdə vaxt keçirmək əvəzinə, mütəmadi olaraq fiziki hərəkətlərlə məşğul olmağı və düzgün duruş vərdişlərini mənimsəməyi tövsiyə edirlər.
Ekspertlər uşaqların sağlam fiziki inkişafını təmin etmək üçün valideynləri daha fəal həyat tərzi sürməyə və övladlarına nümunə olmağa çağırırlar. Ekran vaxtının qəti şəkildə məhdudlaşdırılması və əzələ inkişafını dəstəkləyən gimnastik məşqlərin gündəlik rejimə daxil edilməsi uşaqların gələcəkdə onurğa xəstəliklərindən qorunması üçün həyati əhəmiyyət kəsb edir.
Mənsumə
Sfera.az